Tarixdə yaşanan yüzlərlə müharibənin bəlkə də ən maraqlısı leyleklərin və qartalların müharibəsidir.
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 1934-cü ildə avqustun 18-də Türkiyənin Aydın, Bursa, Trakya bölgəsini əhatə edən üçbucaqda baş verib. Əfsanəvi müharibənin başlamasının səbəbi isə deyilənlərə görə, 6 qartalın Bursanın Orhangazi bölgəsindəki leylək yuvasına hücum etməsi və orada ana, ata leylək daxil olmaqla bütün övladları öldürməsi olub. Bu hadisədən bir neçə gün sonra qartallar hücum etmək üçün eyni ərazidəki başqa bir yuvaya üz tutublar. Ancaq yuvada heç bir şey tapmayıblar. Çünki leyləklər əvvəlcədən tədbir görərək balalarını əvvəllər qoruduqları əraziyə aparıblar.
Qartalların növbəti hücumunu gözləyən leyləklər hərəkətə keçərək ölkənin hər yerindən toplanmağa başlayıblar. Sanki yüzlərlə leylək intiqam alacağına and içmiş kimi toplaşıb. Leyləklərlə qartalların qarşılaşması uzun bir qanlı müharibəyə səbəb olub. Bu müharibə o zamanlar insanlarda o qədər maraq oyadıb ki, onlar hadisəni böyük maraqla izləyiblər. Hətta insanlar leyləklərə tərəf duraraq silahlarını qartallara qarşı istifadə etməyə başlayıblar. Menderes yaxınlığında çalışan fermerlər 2000-ə yaxın leyləyin müharibədə iştirak etdiyini bildirirdilər. Bundan başqa Germencikin Meli kəndinin Soğukpınar bölgəsində də qartallar ilə leyləklər arasında müharibə olub. Həmin şiddətli döyüşdə 29 leylək və 33 qartal ölüb.
Ümumiyyətlə, leylək-qartal müharibəsi zamanla kənddə gündəlik problem halına gəlib. Bandırma və Balıkesir bölgələrində leylək və qartal müharibəsi nəticəsində leyləklər daha çox itkiyə məruz qalıb. Daha sonralar leyləklər arasında bu fəlakətli məğlubiyyətin acı nəticələri ortaya çıxmağa başlayıb. Çünki Eyipin yaxınlığında yuvalarına qayıdan leyləklərin yüzdə otuzu artıq yox idi. Hətta bir çox leylək balası yetim qalmışdı. Eyip xalqından bəziləri bu uşaq leyləklərinin yeməyini özləri təmin edirdi.