Türkiyə udacaq: “Rusiyanın təslim olması an məsələsidir”

NATO-dan S-400-lər ala bilməyən Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığı məlumdur. Əlbəttə, hər iki ölkə sözügedən partnyorluqdan məmnundur. Hər halda dövlət başçılarının ayrı-ayrı vaxtlarda səsləndirdikləri bəyanatlar, bir-biriləri barədə işlətdikləri komplimentlər dediyimiz fikrin bariz nümunəsidir. Lakin bu iki nəhəng dövlətin əzəli rəqib olduqları da kimsəyə sirr deyil. Ən azından ona görə ki, onlar regionda maraqlı ölkələrdir. Deməli, müntəzəm olaraq bir-birilərinin “ayaqlarını tapdalayırlar”. 



Hərbi-siyasi ekspert Həşim Səhrablı Ankara- Moskva münasibətlərini “Sherg.az”a təhlil etdi: 

“Siyasi masada Türkiyə-Rusiya dialoqu hər gün nə qədər inkişaf etsə də, hərbi mənada, qaynar nöqtələrdə iki ölkə arasındakı gərginliklər pik həddədir. Qarabağ, Suriya, Liviya kimi qanlı nöqtələr bunun aydın təzhürüdür. Maraqlıdır ki, Türkiyə Rusiyadan hər sahədə geridə olmasına baxmayaraq, Qarabağ və Liviyada üstünlük onun müttəfiqlərində, Suriyada isə balanslıdır. Bunun əsas səbəblərindən biri də Türkiyənin beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparması, Rusiyanın isə təcavüz xarakterli siyasətindən əl çəkməməsidir. Hətta Türkiyə bu kimi amillərdən cəsarətlənmiş olmalıdır ki, Ukrayna, Gürcüstan ərazilərindəki separatçı hərəkətlərə biganə qalmır. Eyni zamanda Mərkəzi Asiyada möhkəmləndirici addımlar atır. Təbii, Rusiya kimi yırtıcı və güclü ölkə buna susmayacaq. Lakin görürük ki, Rusiya 2016-cı ildəki kimi, Türkiyəyə sərt mövqe sərgiləməkdən çəkinir, tabeliyində olan militant qüvvələrlə zərbə endirir. Yeri gəlmişkən, Türkiyənin özü də çıxılmaz vəziyyətlə qarşılaşa bilər.

Qərb ilə münasibətləri normallaşdırmaq hələ mümkün olmayıb. Qərbin imperialist siyasəti Türkiyənin milli maraqlarını nəzərə almır və bu, haqlı olaraq Ankarada Qərbə qarşı qıcıq yaradıb.

Amma Türkiyənin Qərblə münasibətlərinin gərginləşməsi onu Rusiya təhlükəsi qarşısında da əlacsız qoyur. Rusiya özü də Qərbin qəzəb dairəsindədir və təslim olması an məsələsidir. Bəxti orada gətirib ki, böyük enerji qaynaqları var və iqtisadi dözümlülüyünü içəridən təmin edir, hətta enerji satışından milyardlarla dollar qazanır”.

H.Səhrəblının proqnozlarına görə, qardaş ölkə Kremlə uduzmayacaq:

“Türkiyənin  əsas gəlir mənbəyi turizm sayılırdı, pandemiya onu bu gəlirdən məhrum edib. Bir il ərzində Türkiyə iqtisadiyyatı ciddi zərər görüb. İqtisadi çətinliklər artır. Qətərlilər əvvəlki qədər investisiya yatırmır.

Onsuz da yatırdıqları istənilən nəticəni vermədi. Pandemiyadan sonra daha güclü Türkiyəni görəcəyik. Bu, bəllidir. Ancaq o vaxtadək stabillik və milli mənafeləri qorumaq üçün ciddi səylər lazımdır. Rusiya isə pandemiyadan sonra daha ağır vəziyyətlə üzləşəcək. Çünki bütün ölkələr ondan qaçır, kimsə sevmir.

Ukraynada, Gürcüstanda, Azərbaycanda və Mərkəzi Asiyada fürsət axtarırlar ki, Moskvadan haqları olanı qoparsınlar. Hər kəsin ümid yeri  Türkiyədir. Qərbin özünə də inam o qədər yüksək səviyyədə deyil. Avropanın transmilli şirkətləri xalqları o dərəcədə talan edib ki, “qış yuxusuda” olanlar gerçəkləri “yuxuda görməyə başlayıb”. Əvvəl-axır, güclü zamanında Türkiyəni sıradan çıxara bilməyən Moskva mütləq məğlubiyyətə məruz qalacaq.

Bu gün siyasi masada "elə", qaynar nöqtələrdə "belə" davam edən münasibətlər ilkin xəbərçidir. Xəbərlər hərdən ürəkbulandırıcı olacaq, hazırlıqlı olub "qaytarmamaq" lazımdır...”.