Ermənistan uçurumdadır:“500 min nəfər miqrasiya edəcək”

“ABŞ-da prezident administrasiyasının dəyişməsi, az qala, bütün dünyada hiss olundu. Belə ki, planetin supergüclərindən biri olan bu dövlətin ayrı-ayrı ölkələrə münasibəti dəyişdi. Başqa sözlə desək, ABŞ-ın xarici siyasətində ciddi redaktələr aparıldı. Əlbəttə, təbii olaraq Cənubi Qafqazla bağlı bəzi planlar, məqsədlər də yeniləri ilə əvəz edildi”.
Bu barədə “Sherg.az”a BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bildirib. O qeyd edib ki, Co Bayden Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır:

 “Bayden hakimiyyəti ələ aldıqdan sonra Paşinyana fərqli münasibət sərgiləyəcəyi haqında əvvəllər verilən proqnozlar, deyəsən, özünü doğrultmaqdadır. Amerikanın yeni hökumətinin Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləməsi haqqında məlumatlar daxil olmaqdadır. Bu yaxınlarda Ermənistanda Amerika təşkilatının apardığı rəy sorğusu və bu zaman Paşinyanın həyata keçirdiyi siyasəti dəstəkləyən nəticələrin qabardılması Amerikanın Ermənistana çox ehtiyatla yanaşmasına dəlalət edir.


ABŞ gələcək bəyanatların istiqamətini müəyyənləşdirmək üçün burada  vəziyyəti öyrənir. Beləliklə, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Respublika İnstitutunun (International Republican Institute – IRI) Ermənistanda 1910 nəfər vətəndaş arasında keçirdiyi rəy sorğusu haqqında məlumat verilir. Rəy sorğusu 8-16 fevral 2021-ci il tarixləri arasında aparılıb.

Nəticələr göstərir ki, əhalinin 45 faizi ölkənin düzgün istiqamətdə getmədiyini düşünür. Bununla belə, 42 faiz seçkilər keçirilərsə, heç bir qüvvəyə səs verməyə hazır deyil. 28  faiz əhali iqtisadi vəziyyət və işsizliyi əsas problem hesab edir. Rəyi soruşulanlardan cəmi  9 faizini  Qarabağ məsələsi narahat edir, milli və sərhəd məsələsini 5 faiz, Ermənistan milli təhlükəsizlik məsələsi haqqında isə 3 faiz narahat  olan var. Qarabağ məsələsini Ermənistan əhalisinin cəmi 9 faizinin müdafiə etməsi olduqca maraqlı məqamdır.

Ə.İbrahimovun sözlərinə görə, mövcud iqtidarla müxalifət arasındakı münasibətlər getdikcə daha da ziddiyətləşəcək:

 “Bu gün Ermənistanda elə onların özlərinin verdiyi şişirdilmiş məlumatlara əsasən 2 milyon əhali yaşayır.  Qarabağdan olan 150 min erməni də buraya daxildir. Deməli, Qarabağ erməniləri Ermənistanın ümumi əhalisinin 15-18 faizini təşkil edir. Ümumi  əhalidən də cəmi 9 faizini, yəni Qarabağ ermənilərinin təxminən yarısını bu problem maraqlandırır. Digər hissə, yaxud  Ermənistanda yaşayan yerli ermənilər Qarabağda gedən proseslər haqqında ya düşünmür, ya da  bu məsələni əhəmiyyətli hesab etmirlər. Deməli, Paşinyan doğru olaraq hesab edir ki, Qarabağ məsələsi məhz Köçaryan və Sarkisyan başda olmaqla “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlmək üçün irəli atdıqları oyundur. Və bu oyun 30 ildir ki, erməni millətinin cavanlarını ölümə  aparmaqda, Ermənistanı dağıtmaqdadır. Paşinyan bunu görür və addım-addım sadə, amma əksəriyyət təşkil edən  erməni kütləsinə əsil həqiqəti izah etməyə çalışır. Ermənilərin də Paşinyanın ardınca gedən və getməyən hissəsi artıq həqiqəti dərk etməkdədir. Köçaryan, Sarkisyan və ətraflarına topladıqları “Qarabağ klanı”nın digər üzvləri Qarabağ ətrafında gedən oyunların mahiyyəti  açılanadək Paşinyanı siyasi səhnədən uzaqlaşdırmağa çalışırlar.  Onlar bu istiqamətdə bütün vasitələrdən istifadə edirlər. Əks halda, Ermənistanın yerli sakinləri hesab edilən toplumun  erməni xalqının başına açdığı bəlaya  görə “Qarabağ klanı”na nifrət artacaq. Belə olsa, onların ölkədən qovulmasının tələb ediləcəyi  gün uzaqda deyil. Rəyi soruşulanlardan 45 faizinin ölkənin düzgün istiqamətdə getməməsi haqqında düşündükləri, böyük ehtimalla son dövrlər Ermənistanda baş verən hadisələr-müharibə və bu müharibənin səbəb olduğu mitinqlərdən qaynaqlanır. Amma burada bir məsələyə diqqət yetirmək lazımdır ki, Ermənistanın ümumiyyətlə hansı istiqamətdə getdiyi məlum deyil. İstiqamətin düzgün olub-olmamasını müəyyənləşdirmək üçün onun hara getdiyini bilmək lazımdır. İndi Ermənistanın getdiyi yerin uçurum olduğunu iddia edənlər var. Amma bu yanaşma da düzgün deyil. Ermənistan uçuruma getmir, o, artıq uçurumdadır”.

Politoloq bundan sonra Ermənistanda nəyinsə yaxşıya doğru dəyişəcəyini istisna edir: 

“Sorğuya görə vətəndaşların 42 faizi ölkədə mövcud olan siyasi qüvvələrin heç birini dəstəkləmir və seçki olarsa, heç kimə səs verməyə hazır deyil. Deməli, bu gün Ermənistan əhalisinin 42 faizini ölkədə baş verən proseslər, ümumiyyətlə, maraqlandırmır. Burada müxalifətin arxasında güclü bir qüvvənin dayanması haqqında irəli sürdükləri iddianın da yalan olduğu ortaya çıxır.

Elə isə, bəs bu 42 faiz kimdən təşkil olunub? Təbii ki, bunlar Rusiyada və digər xarici ölkələrdəki yaxınları olan, həmçinin diasporun göndərdiyi vəsait hesabına yaşayan, Ermənistanda müvəqqəti qalmağa  təhkim olunmş insanlardır.

Onlar da ya Ermənistandan çıxmağa vaxtlarını, ya da elə buradaca dəfn olunmalarını gözləyirlər. Əhalinin 28 faizi-təxminən 500 min nəfər- iqtisadi vəziyyət və işsizliyin əsas problem olduğunu düşünür. Həmin 500 min karantin rejimi başa çatar-çatmaz Rusiya və digər ölkələrə miqrasiya etməyə hazır olanlardır. Bu rəqəm erməni siyasətçilərin Ermənistanda miqrasiya etməyi düşünənlərin sayı haqqında əvvəllər səsləndirdikləri rəqəmdən 2 dəfə artıqdır.

Görünən budur ki, Ermənistanda nəinki əhali, heç siyasi rəhbərlərin  biri də düşdükləri real vəziyyəti düzgün qiymətləndirmir və ya qiymətləndirmək istəmirlər”.