Hərbi təlim:“Terrorçuları “təmizləmək” üçündür” – Yeni plan 

“Məqsədddən asılı olmayaraq, əsgərin, ağır artilleriyanın, fərqli texnikaların vəzifəsi dəyişməzdir”


Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək.



Təlimlər barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov hazırlıqların əhəmiyyətini belə qiymətləndirdi: 

“Bu gün dünyada gedən istənilən hərbi təlim məhz anti-terror xarakterlidir. Ölkəmizdəki hazırlıqlar da onlardan biridir. Əlbəttə, hansısa irimiqyaslı müharibədən söhbət getmir.

Ən azından ona görə ki, indi təmas xətti yoxdur. Savaşdan əvvəlki təlimlər torpaqlarımızı azad etmk üçün idisə, indikilər həmin ərazilərdəki terrorçu qruplaşmaları “təmizləmək” məqsədlidir.

Yəni ordu daim hazır olmalıdır. Ümumiyyətlə, məqsədddən asılı olmayaraq, əsgərin, ağır artilleriyanın, fərqli texnikaların vəzifəsi dəyişməzdir.

Burada xüsusi bir məqam yoxdur. Təlimlər müəyyənləşdirilmiş plan üzrə keçirilir. Və Azərbaycan silahlı qüvvələri istənilən tapşırığı yerinə yetirməyə qadirdir”.