ATƏT iş istiqamətini dəyişsin: “Revanşist meyilləri aktuallaşdırmaq...”

“...Mümkün olan deyil”

“Yox əgər, Minsk qrupu ermənilərin Azərbaycan qanunvericiliyinə uyğunlaşmasına dair proqramlarda fəaliyyət göstərmək istəyirsə, buyursun”

“Əminəm ki, Xarici işlər nazirimiz məhz bu istiqamətdə söhbət aparıb”

Xarici işlər naziri Ceyhun Bayramov İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər Azərbaycan-İsveç ikitərəfli əlaqələri, bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, ATƏT-lə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Minsk qrupu  yenidən aktiv fazaya keçərək hər ciddi-cəhdlə 30 il ərzində həll edə bilmədiyi Qarabağ məsələlərinə dair müzakirələrə qoşulmağa can atır. Haluki ölkə başçısı İlham Əliyev müharibənin bitdiyini, ATƏT-in “kitabının bağlandığını” xüsusi vurğulayıb. Buna baxmayarq, ATƏT öz ampulasındadır...

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az”a bildirib ki, Minsk qrupu öz-özlüyündə yaranmayıb. Parlament üzvü qeyd edib ki, bu qurumu 1993-cü ildə BMT-nin qəbul etdiyi qərarların içindən gələn bir məsələ kimi qiymətləndirmək lazımdır:

“Ona görə də Minsk qrupunun hansısa formada fəaliyyəti həmin qətnamələrin yerinə yetirilməsi ilə bağlı idi. Təssüf ki, bu qurum qətnamələrin yerinə yetirilməsi ilə bağlı heç bir fəaliyyət göstərə bilmədi. Qətnamələrin yerinə yetirilməsini Azərbaycan özü həyata keçirib. Lakin ATƏT-in tam olaraq lazımsız quruma çevrildiyini söyləməkdə çəkinirəm.

İlk nöbvədə Minsk qrupunun fəaliyyəti Azərbaycan və Ermənistan arasında müharibədən sonra dövlətlərarası əlaqələrin genişləndirilməsi istiqamətinə yönəldilə bilər.

İkincisi, Azərbaycanda yaşayan erməni əsilli əhalinin qanunvericiliyimiz, konstitusiyamız və mühitimizə öyrəşmələri və uyğunlaşdırılmaları prosesinə dəstək istiqamətində fəaliyyət göstərməsi mümkündür.

Ona görə də başa düşməliyik ki, ATƏT-in iş istiqaməti dəyişməlidir. Böyük ehtimalla görüşdə məhz bu məsələlər də müzakirə olunub. Artıq iki dövlət arasında nəqliyyat məsələlər öz həllini tapır.

ATƏT bu istiqamətdə köməklik etmək istəyirsə, lap yaxşı. Minsk qrupu ermənilərin Azərbaycan qanunvericiliyinə uyğunlaşmasına dair hansısa proqramlarda fəaliyyət göstərmək istəyirsə, buyursun.

Amma hansısa revanşist meyilləri və 30 il ərzində həll edə bilmədikləri məsləni yenidən gündəmə gətirmək istəyəcəklərsə, bu, mümkün olan deyil.

Əminəm ki, Xarici işlər nazirimiz məhz bu istiqamətdə söhbət aparıb”.