Afət həyatından danışdı: “Məni qaçırdılar” – Kövrək notlar

“Anam və atam vaxtsız dünyalarını dəyişiblər. Atam öləndə 15, anamda isə 25 yaşım vardı. Bir cavan qardaşım da rəhmətə gedib. Ağlamağı sevən insan deyiləm, pozitivəm. Dərdimi özüm yaşamışam, ətrafımı kövrəltmək istəməmişəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Hüseynova bacıları” verlişində müğənni Afət Fərmanqızı söyləyib. O, söhbətə davam edərək, bunları deyib:

“Bir dəfə Nadir Qafarzadə efirdə həyatından danışıb, ağlayırdı. Yanımda bir xanım var idi. Ona baxıb, kövrəldi. O, xanım da mənim həyat hekayəmi bilmirdi. Mən də sadəcə izləyirdim.

Təbii üzülmüşdüm də, amma ağlamırdım. Xanım da, yəqin, daş qəlbli olduğumu düşünüb. Lakin mənim başıma Nadirin yaşadıqlarının 5 qat artığı gəlib. Hətta pandemiyadan sonra ömür yolumla bağlı film çəkdirmək istəyərəm. Çünki yaxınlarımı itirmişəm, çox faciələr görmüşəm. Ailə qurmağım da çətin olub.

Erkən yaşda məni qaçırdıblar.Atam sağkən, məni sevən oğlan elçi göndərdi, o isə vermədi. Atam rəhmətə gedən kimi 3 nəfər oğlanla məni qaçırdı. Elə bilirdim ki, quldurdular, öldürməyə aparırlar.

Çox qorxmuşdum. Bəlkə də, bunun adət-ənənə olduğunu, evlənmək üçün apardıqlarını bilsəm, o qədər qorxmazdım. Heç yaşım nikaha da çatmırdı. Övladım dünyaya gələndə 18 yaşımı tamamladım. Uşaqlığım məhv oldu. Öz son zəngimdə atam dünyasını dəyişdi. Əlim yeni çörəyə çatmışdı ki, anam rəhmətə getdi.

O, ölənə qədər 3 il gecələr yatmamışam, səhərə qədər iynələrini vururdum, həkimlər gətirirdim. Yəni çox gülənin dərdi də çox olur. Elə bilməsinlər ki, birdən-birə Afət Fərmanıqızı olmuşam”.