“Bloqerlik peşə yox, məşğuliyyətdir”

“Ona görə də bloqerləri jurnalistikanın prinsiplərinə uyğunlaşdırmalı deyilik”

“Bu sahədə fəaliyyət göstərənləri jurnalist hesab etmək tamamilə yanlışdır”

Bloqerlik adı altında reketliklə məşğul olan, müxtəlif məmurları şantaj edənlərin sayı günbəgün artır. Özlərini haqq carçısı kimi qələmə versələr də, əslində bu işbazlar nə qədər pullar qazanır. Hətta kimlərinsə haqqını müdafiə etdiklərini deyən bu bloqerlərin aylıq gəlirini saymaqla bitməz.

Bu günlərdə özünü videobloger kimi təqdim edən Ata Abdullayevin həbsi də yuxarıdakı fikirlərimizin aydın təzahürüdür. Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən A.Abdullayevi ağır cəza gözlədiyi bildirilir.

Bəs, bloqerlik adı altında reketliklə məşğul olanlara qarşı hansı tədbirlər görülməlidir?

Sualımızı cavablandıran “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev “Sherg.az”a açıqlamasında bloqerliyin peşə yox, məşğuliyyət olduğunu söyləyib:

“Ona görə də bloqerləri jurnalistikanın prinsiplərinə uyğunlaşdırmalı deyilik. Bu sahədə fəaliyyət göstərənləri jurnalist hesab etmək tamamilə yanlışdır. Bilmirəm ki, kim Ata Abdullayevi məhkəmədə jurnalist qismində önə çıxarır?

İstər jurnalist, istər bloqer, istərsə də qeyri-bloqer olsun, müəyyən qanunlar var. Cəza həmin qanunların tələblərini pozan insanlar üçün eynidir. Peşəsindən asılı olmayaraq, medianın adından istifadə edərək şantaj və reketliklə pul alanlar müvafiq cəza ilə cəzalandırılmalıdır.
Jurnalist peşəsi olsa belə, kimsə bu cür qanunsuzluqlara yol verdiyi üçün azad oluna bilməz”.