Azərbaycan Laçın dəhlizində post qurmalıdır

Ermənistan hərbçilərinin ərazilərimizə daxil olmasının qarşısı ciddi-cəhdlə alınmalıdır

Ermənistan hərbçilərini mülki avtomobillərlə Azərbaycan ərazisinə keçirməyə cəhd edir. Bunu Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında deyib. C.Bayramov bildirib ki, Azərbaycan tərəfi bu barədə hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edib:

“Biz beynəlxalq təşkilatlara lazımi məlumatlar vermişik. Bu istiqamətdə bütün beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidirlər. Regionda sülhün bərqərar olması üçün hər bir tərəf öhdəliklərini yerinə yetirməlidir”.



Mövzuya münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan 10 noyabr razılaşmasına uyğun olaraq öhdəlikləri yerinə yetirmir. Onun sözlərinə görə, Ermənistanın Qarabağa hərbiçilər göndərməsi ilk növbədə bu ölkənin işğalçı siyasətinin mahiyyətindən irəli gəlir:

"Qeyd edim ki, bununla Ermənistan heç nəyə nail olmayacaq. Sadəcə olaraq situasiyanı gərginləşdirməklə prosesləri öz əleyhinə çevirəcək. Azərbaycan beynəlxalq təşkilatları artıq məlumatlandırıb. Hesab edirəm ki, Azərbaycan bu kimi halların qarşısını almaq üçün Laçın dəhlizində post qurmalıdır. Bunu Rusiyadan tələb etməlidir".

M.Əsədullazadə əlavə edib ki, Azərbaycan həmçinin Bəyannamənin 4-cü bəndinə uyğun olaraq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan silahlı erməni birləşmələrinin çıxarılmasını konkret tələb etməlidir.