Koronavirus Şərq xalqları üçün faciə olmamalıdır

Professor: "Onun adı gələndə ruhi sarsıntı, stress keçirmək, depressiyaya düşmək, həyatdan əl üzmək lazım deyil"

 “Müxtəlif sosial şəbəkə, eləcə də Qərb mətbuatının COVİD-19, onun yayılma intensivliyi və proqnozuna münasibətdə “təbliği fikirləri” ən yaxşı halda insanın dərin ruhi sarsıntı və depressiyaya düşməsinə səbəb olur. Əslində isə real vəziyyət, bu məqsədli təbliğatın tamamilə əksidir”. 
Bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında deyib. Professor bildirib ki, hazırda dünya ölkələri arasında olan mövcud “şəffaf sərhədlər” ən sərt karantin tədbirləri tətbiq edilsə belə, istənilən viral infeksiyanın “İldırım sürətilə” yayılması və xronoloji bioritm dəyişikliyinə görə, ən uzağı 6 ay müddətinə (22 martdan 22 noyabrın tamamına qədər) kollektiv immunitetin yaranmasına mütləq şəkildə səbəb olmalıdır: “Hətta vaksinasiya aparılmasa belə. Halbuki, dünya çapında artıq 3-cü aydır ki, kütləvi vaksinasiyaya start verilib.

Digər tərəfdən, indi nə antik dövr, nə də 15 əsr deyil. Viral infeksiyaların aylar və illərlə davam etməsinin həlledici şərti, yəni insanlara bir şəhər və ya ölkədən digərinə getmək, yəni infeksiyanın yayılması üçün aylarla vaxt lazım gəlsin. Söylədiklərim, hətta COVİD-19-un sadəcə davamı dinamikasının izlənməsində belə öz təsdiqini tapır. Diqqət edin: hazırda koronavirusa  ümumi yoluxma 120 milyonun altı, ölüm nisbəti isə 2,6 milyonun üstündədir, yəni cəmi 3 faizdir. Azərbaycanda isə bu infeksiyadan ölüm ümumilikdə 1,3 faizdir. Odur ki, istər yazılan rəqəm, istərsə də məqsədli təbliğat hər bir halda az da olsa real məntiqə istinad etməlidir. Vaxtı ilə Amerikanın sevilən, mərhum prezidenti Con Kennedi demişdir: “Dünyada ən üstün təhsil sistemi Sovet təhsil sistemidir. Çünki insanlarda fərdi düşüncə və təfəkkür tərzi formalaşdırır. Amerikanın savadlı vətəndaşı belə, SSR-i dedikdə Moskva və rus başa düşür. O ölkənin hətta adi vətəndaşı belə, Amerikanı, bizim şəhər və ştatlarımızın adını, hətta amerikalıdan belə yaxşı bilir. Odur ki, bu ölkəyə nüvə silahı ilə deyil, bu təfəkkürün yaranmasına xidmət edən mexanizmləri məhv etmək yolu ilə qalib gəlmək olar”. 

Tibb elmləri doktoru əlavə edir:

"Mən bu infeksiyanın 1 ildən artıq davam etməyəcəyi barədə dəfələrlə demişəm. Hətta mən onun  Şərq xalqları üçün faciə olmadığını, onun 2-ci, 3-cü və s. dalğalarının olmayacağı, bu virusun yaxın 10 ilə aqressiv mutant ştampının əmələ gəlməsinin mümkünsüzlüyü haqqında dəfələrlə yazmışam. Təkrar edirəm, bunlar mənim xəyali düşüncələrimin məhsulu deyil, elmi həqiqətdir. Hətta adi statistik təhlil belə, söylənilənləri təsdiq edir.

Məsələn, cəmi 8 ay əvvəl, yəni COVİD-19-un dinamik artım dönəmində, kritik durumda olanlar xəstələrin 5 faizini təşkil etdiyi halda, hazırda bu nisbət 0,4 faizə enib. Başqa sözlə, virusun virulentlik və letallıq əmsalı 12,5 dəfə azalıb.

Artıq COVİD-19 koronaviruslar ailəsinin OC43, 229E, NL63, HUK1 kimi təhlükəsiz ştamlarından birinə çevrilməkdədir. Odur ki, koronavirus adı gələndə ruhi sarsıntı, stress keçirmək, depressiyaya düşmək, həyatdan əl üzmək lazım deyildir. Neqativlik, hətta bəd şeylər haqqında düşünmək belə, xəstəlik və ölümün ilkin səbəbidir.

Özü də müalicə olunmaz səbəbi. Pozitiv, xoş niyyətli olun və xoş şeylər haqqında fikirləşin, təbii ki, xəstələnmək istəmirsizsə...”