İnformasiya bazasının yaradılması effekt verəcək

Bununla şəhid ailələri və qazilərin bürokratik əngəllərlə üzləşməsinin qarşısı birdəfəlik alınacaq

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir. Bununla bağlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir. Milli Məclisə təqdim edilən qanunun 2-ci maddəsinə (Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası) əlavə edilməsi təklif olunan bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 

Mövzuya münasibət bildirən siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, bu kateqoriyadan olan şəxslərlə bağlı mükəmməl bir informasiya bazası hazırlanmalıdır. Həmin informasiya bazası da uyğun dövlət qurumları üçün ilk növbədə əlçatan olmalıdır:

"Şəhid ailəsinin üzvü və yaxud da qazilərimiz hansısa bir problemi həll edərkən sənəd dalınca düşməməli, qapılar döyməməlidirlər. Yəni müraciət etdikləri istənilən qurum bir düyməyə basmaqla onlar haqqında bütün məlumatları əldə edə bilməlidir. Təbii ki, bu olduqca vacibdir".

A.Həsrət qeyd edib ki, şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması həqiqətən də ciddi effekt verə biləcək bir addımdır:

"Düşünürəm ki, bunu etmək indiki şəraitdə Azərbaycan dövləti üçün çətin deyil. Yəni bizim dövlətimizin imkanları yol verir ki, hazırkı şəraitdə bu məsələni qısa müddət ərzində kökündən həll edə bilsin. Qeyd edim ki, bu, şəhid ailəsi və qazi kateqoriyasına aid edilənlərin bürokratik əngəllərlə üzləşməsinin qarşısını birdəfəlik almaq üçün ən yaxşı çıxış yoludur. Yəni vahid informasiya bazası sayəsində çox qısa müddətdə istənilən məlumatı yerindəcə əldə etmək imkanı bütün dövlət qurumları üçün əlçatan olmalıdır".