Vaşinqtonun məqsədi Ermənistanda sabitliyi qorumaqdır

ABŞ dövlət katibi ilə Paşinyanın telefon danışığı Ermənistandakı son duruma həsr olunub

Ötən həftə ABŞ-ın dövlət katibi Endrü Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Danışıqda Ermənistandakı daxili vəziyyətin, Qarabağ mövzusunun müzakirə edildiyi deyilib. Ekspertlərin fikrincə, Paşinyanla Blinken arasındakı telefon danışığı Ermənistan-Amerika münasibətlərinin səviyyəsində müəyyən enmə olmasına dəlalət edir. Dövlət katibi öz ölkəsinin Ermənistanda demokratik proseslərin və təsisatların inkişafına dəstəyini ifadə edib.

Həmçinin, Ermənistanda “demokratik dəyərlərin inkişafı üçün” yardımların təyinatı haqqında danışıb. Xatırladaq ki, telefon danışığından bir neçə gün öncə Dövlət Departamenti İrəvandakı səfirliyi tərəfindən QHT-lər üçün 150 min dollara qədər vəsait ayırıb. Bu layihələrin bölgədə təhlükəsizliyin möhkəmləndirilməsinə və ermənilərin qonşularla dostluq münasibətlərini bərpa etməsinə yönəldiyi vurğulanır. Şübhəsiz, burada Türkiyə və Azərbaycanla münasibətlərin bərpası və qurulması da nəzərdə tutulur. 

Blinken və Paşinyan arasındakı telefon danışığını “Şərq”ə təhlil edən millət vəkili, ASDP sədri Asim Mollazadə bildirib ki, Ermənistanda vəziyyət gərgindir və mövcud qarşıdurma riski region ölkələri ilə yanaşı, uzaq dövlətlər tərəfindən də diqqətlə izlənilir. Deputatın sözlərinə görə, açıq sezilir ki, Ermənistanda hərbi cinayətkarlar, keçmiş rəhbərlər yenidən hakimiyyətə can atırlar:

“Ölkədə revanşist düşüncədə olanlar aktivləşib. Erməni xalqından dəstək ala bilmədikləri üçün Paşinyan hökumətini güc yoluyla, çevrilişə meyilli hərbçilər vasitəsi ilə həyata keçirmək istəyirlər.

Əlbəttə, bu təşəbbüsün reallaşması bölgədə vəziyyətin yenidən gərginləşməsinə gətirib çıxarar və mövcud sazişin icrasına maneçilik törədər. Cənubi Qafqazda hərbi əməliyyatlar yenidən başlaya bilər. Reallıq isə odur ki, erməni əhalisi müharibə istəmir və “Qarabağ klanı”nı yaxına buraxmır.

Düzdür, xalqın Paşinyan hökumətinə də etimadı, inamı çox deyil. Lakin qəti şəkildə yeni müharibənin və savaş tərəfdarı olan hərbi cinayətkarların əleyhinədirlər. Şübhəsiz, baş verənlər ABŞ tərəfindən də izlənilir. Nəzərə alaq ki, erməni lobbisi Amerika hökuməti üzərində ciddi təsirə malikdir.

Erməni lobbisi həm Vaşinqtona, həm də Konqresə təzyiq göstərir ki, Ermənistanda baş verənlərlə bağlı mövqe bildirsinlər”.

Parlament üzvünün sözlərinə görə, “Qarabağ klanı”nın arxasında dayananlar faşist düşüncədə olan erməni diasporasıdır:

“Dövlət Departamenti Ermənistanın baş naziri ilə əlaqə saxlayaraq, ölkədəki vəziyyəti öyrənməyi, prosesləri müzakirə etməyi lazım bilib.

Görünür, Vaşinqtonun əsas məqsədi Ermənistanda, dolayı yolla Cənubi Qafqazda stabilliyi qorumaqdır. Həqiqətən, Ermənistanın yeganə çıxış yolu daxildə və regionda sabitliyə xidmət etmək, qonşularla siyasi-iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.

Əks təqdirdə sosial-iqtisadi böhran çətin vəziyyətdə olan Ermənistanı tamamilə məhv edəcək”.