Ayaq saxlayın, küçədə gecələyənlər var

Kimsəsiz, ehtiyacı olan insanlara yardım göstərilməsində ictimai fəallıq əsas şərtlərdən biridir


Sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə, ayaqyoluların yanında gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi haqda məlumat paylaşılıb. Həmin qadın tapılaraq müalicəyə göndərilib. 
Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov feysbukda yazıb. 

"Məlumatı əldə etdiyimiz andan etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyəti səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi", - Həşimov yazıb.
O bildirib ki, müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək, özünün razılığı olarsa, agentliyin aidiyyəti müəssisəsinə yerləşməsi təmin olunacaq. Həşimov proses barədə narahat olan və xəbər verən hər kəsə təşəkkür edib, məsələyə operativ müdaxilə edən DİN əməkdaşlarına minnətdarlığını bildirib.



Baş vermiş hadisə ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı qeyd etdi ki, kimsəsiz, ehtiyaclı insanlara yardım göstərilməsində ictimai fəallıq əsas şərtlərdən biridir: 

- Yadınızdadırsa, fevral ayında, qarlı havada küçədə köməksiz vəziyyətdə qalmış bir vətəndaşımız məhz ictimai fəallıq nəticəsində Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirildi. Onun barəsində sosial şəbəkədə xəbər yerləşdirilmişdi, fotosu paylaşılmışdı. SXA də fakta reaksiya verdi. İndi də kimsəsiz qadınla bağlı tədbir görülüb. Dünya praktikasında belə hallar var.

Kimsəsiz, ehtiyaclı insanlar dövlət tərəfindın himayə olunmaqla yanaşı, onlara dini təsisatlar, ibadət ocaqlarında, məscidlərdə, kilsələrdə sığınacaq verilir, onlar orada qalır, yaşayır və həyatları xilas olur. Bizdə hələ ki, dövlət bu işlə məşğuldur. Məlumdur ki, qocalar evləri, uşaq evləri, pansionatlar var. Amma bəzən elə hallar olur ki, insan hansısa orqana, quruma müraciət edə bilmir.

Bu, o şəxsin sağlıq durumu, psixi vəziyyəti ilə də bağlı ola bilər. Bəzən insan öz doğmaları tərəfindən zorakılığa məruz qalır. Onu evdən qovurlar, evsiz-eşiksiz küçələrdə, harda yer tapdı orada gecələmək məcburiyyətində qalır. Azərbaycan xalqının adət-ənənəsində böyüyə, valideynə hörmət möhkəm əsaslar üzərində dayandığından bizdə belə hallar az baş verir.

Amma cəmiyyətdə müxətlif insanlar, müxtəlif xüsusiyyətli ailələr də var. Elə insan ola bilər ki, ailəsi, övladları tərəfindən təzyiqə məruz qala bilər, öz hüquqlarını bilməz, özünü müdafiə edə bilməz və həyatın dibinə yuvarlanar.

Bu halda cəmiyyətin həmin faktı ictimailəşdirməsi vacibdir. Belə olduqda dövlət orqanlarını məsələyə mütləq cəlb etmək lazımdır. Dövlət orqanları da məsələyə diqqətlə yanaşmalı, araşdırma aparmalı və o insanın nədən, hansı səbəbdən ehtiyaclı vəziyyətə düşdüyünü müəyyənləşdirməlidir. Bəlkə onun hüquqları pozulub.

Evi olduğu halda küçədə yaşamağa məhkum edilib?  Ombudsman Aparatı da belə məsələlərə həssas yanaşmalıdır. İnsanın psixi pozğunluğu varsa, dispanserə yerləşdirilməli, lazımi müalicə alması təmin edilməlidir.

Müalicə başa çatdıqda dövlət orqanı tərəfindən dövlət müəssisəsinə yerləşdirilməlidir. Gərək hər bir dövlət orqanı, hər bir vəzifəli şəxs qanunlara riayət etsin, öz səlahiyyətinin nədən ibarət olduğunu bilsin ki, hüquq pozuntusu baş verməsin.

Ola bilər o insan hansısa rəsmi orqanamı, ya məhkəməyə zamanında müraciət edib, lakin hüquqları təmin edilməyib. Bilirsiz, insan əli hər yerdən üzüləndə, artıq ümid yeri qalmayanda küçə həyatına, səfil həyata məhkum olur. Cəmiyyət olaraq səfalətə düşmüş insanlarımızı bataqlıqdan çıxarmağı bacarmalıyıq.