Şəhidin həyat yoldaşı: “Hücuma keçməzdən əvvəl dedi ki, ömrüm...”

“...Oğlumla qızıma deyərsən ki, artıq ataları ilə fəxr edə bilərlər” 


Vətən uğrunda canını fəda edən, Son Qarabağ savaşında qəhrəmancasına vuruşan oğullarımızdan biri də Məmmədov Elcan Zöhrab oğludur. 
1989-cu ildə Tərtər rayonunda dünyaya göz açıb. Bakıxanov qəsəbəsində 96 nömrəli tam orta məktəbdə təhsil alıb. Ardınca Azərbaycan Texniki Universitetinə qəbul olunub. 2010-cu ildə ailə qurub. Bir il sonra məzun olub, hərbi xidmətə yollanıb. Cəlilabad rayonunda N saylı hərbi hissədə xidmətini başa vurub. Əvvəlcə fərqli sahədə çalışan Elcan, 2018-ci ildə öz istəyi ilə Daşkəsən rayonu, N saylı hərbi hissədə işə başlayıb. Leytenant rütbəsi alıb. 
Şəhidimizin iki gül balası- Ayanı və Ramalı yadigar qalıb.

Deyirlər, Elcan xidməti müddətində əsgərlərinin rəğbətini qazanıb. Bir əsgəri (adını qeyd etməyib-.red) danışır ki, onlara qarşı komandir deyil, qardaş kimi olub:

“Çox gözəl insan idi. Son qəpiyini də bizim ehtiyaclarımız üçün xərcləyərdi. Hər zaman deyirdi ki, nə lazım olsa, çəkinməyin, mənə bildirin.  Əvəzolunmaz komandir, gülərüz, mehriban idi, hamının qeydinə qalardı. Paxıllığın nə olduğunu bilməzdi”.

“Şərq”lə həmsöhbət olan şəhidimizin ömür-gün yoldaşı Gülnarə xanım söyləyir ki, Elcan gözəl övlad, mehriban ailə başçısı, qayğıkeş ata, sevimli qardaş idi: 

“Ötən ilin aprel ayında Goranboyun Tapqaraqoyunlu kəndinə göndərildi. General Polad Həşimovun şəhid  olduğu Tovuz döyüşlərində də iştirak edib. Vətən müharibəsində taboru ilə birgə Talış yüksəkliyi istiqamətində hücuma keçib. Həmişə deyirdi ki, "Gülüm, mən sənin qəhrəmanınam": “Mənimlə daim fəxr edəcəksən. Adım çəkiləndə hamı ayağa qalxıb, sənə yol verəcək”. Elcan tək bizdən yox, köməyə ehtiyacı olan əsgərlərindən də getdi. Öz xəyallarını, arzularını Vətənə fəda etdi. Hücuma keçməzdən əvvəl mənimlə əlaqə saxladı ki, ömrüm, oğlumla qızıma deyərsən ki, artıq ataları ilə fəxr edə bilərlər”. 

Onunla birlikdə savaşan müddətdən artıq bir hərbi qulluqçu isə həmişə Elcanın  öndə vuruşduğunu söyləyib: ”Ardımca gəlin” deyirdi. Döyüş zamanı ayağından yaralandı. Dedim ki, yoldaş komandir, siz yaralısınız, qayıdın. Söylədi ki, boş şeydir: “Mən yaralanım qayıdım, sən geri dön, bəs irəli kim getsin?”.  Sonra ardımca "İrəli" əmri verdi”. 

Demə, Elcan və taboru  ön cəbhəni yarıb keçiblər. İkinci posta yaxınlaşanda o, snayperlə başından vurulub, şəhadətə qovuşub. 
Digər silahdaşları isə onunla döyüş yolu haqqında bunları deyiblər:

“Elcan igid idi. Kaş sağ olardı. Qəhrəmancasına şəhadətə ucaldı. Həmişə söyləyirdi ki, bizim yolumuz bura qədərdir, uşaqlar: “Öldü var, döndü yoxdur”. O, çox gözəl insan idi. Mərdcəsinə vuruşdu, əsgərlərinə örnək oldu. Əsl qəhrəmanlıq nümunəsidir. Vətən sağ olsun”. 
Qeyd edək ki, şəhidimizin atası da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Elcan həmişə zarafatla Zöhrab bəyə deyirmiş ki, "Ata, sənin azad edə bilmədiyin torpaqları, oğlun qaytaracaq". 

Anası Sahilə xanım isə  oğlu ilə söhbətlərini belə xatırlayır:

“Deyirdi ki, bir gün səni barmaqla göstərib, söyləyəcəklər ki, o, mayor Elcan Məmmədovun anasıdır. Mən onsuz da gözəl insan, övlad olduğu üçün balamla qürur duyurdum”. 

Elcan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, Suqovuşanın və Laçının azad olunmasına görə medalları ilə təltif olunub.