Sosial məsafəni gözləyən yoxdur

Qışda insanlar qaydalara daha çox əməl edirdilər

Bir rahatlıq yarandığına görə yoluxma sayında belə bir artım müşahidə olundu


Pandemiya ilə birgə keçirdiyimiz 1 ildən artıq zaman çərçivəsində müxtəlif ölkələrdə virusla mübarizə strategiyaları fərqli olsa da, o strategiyaların tətbiq olunduğu mərhələlər eyni idi. Pandemiya ilə mübarizənin mərhələsindən asılı olmayaraq tətbiq edilən strategiyanın əsasında 3 vacib amil dururdu: xalqın mübarizəsi, dövlətin mübarizəsi və səhiyyə sisteminin mübarizəsi. Bu üç amil də pandemiya ilə mübarizədə eyni dərəcədə əhəmiyyətli idi. Bizim bu gün ölkələrdə gördüyümüz problemlərin səbəbi bu mübarizələrdən ən azı birinin düzgün təşkil edilməməsi idi.

Təbii ki, ilk növbədə xalqın mübarizəsi düzgün təşkil edilməzsə, dövlətin və səhiyyə sisteminin mübarizəsi nə qədər üst səviyyədə təşkil edilməyindən asılı olmayaraq, virusa qalib gəlməkdən və pandemiyada uğurlu mübarizədən bəhs etmək olmaz. Sual yarana bilər. Bəs ölkəmiz pandemiya mübarizəsində hansı səviyyədədir?

Düzgün mübarizə tədbirləri həyata keçirilirmi? Son günlər yoluxma sayının kəskin artması nə ilə əlaqədardır?

Suallarımızı cavablandıran infeksionist İlahə Vəliyeva "Şərq"ə açıqlamasında vurğulayıb ki,  bu qədər uzun müddətdə artıq koronavirus mutasiyaya uğrayıb:

"Bilirsiniz ki, bir müddət əvvəl ölkəmizdə karantin rejimi yumşaldıldı. Bu da sanki insanlarda bir rahatlıq yaratdı və yoluxma sayına təsir etdi. Son günlər ölkəmizdə yoluxma sayının artmasının başlıca səbəblərindən biri də insanların peyvəndlənmə prosesində iştirak etməməsidir. Sadəcə olaraq çox insan peyvənd vurdurmamaq üçün min cür bəhanə gətirir. Bundan başqa peyvənd olunan insanlarda isə sanki rahatlaşma yaranıb. Yəni  sadəcə mən və ətrafımdakı insanlar peyvənd olunubsa, yoluxmayacam və yoluxmanın sayı azalacaq. Amma təbii ki, heç də belə deyil. Nəticədə yeni ştamm meydana gəldi. Yeni ştamma qarşı həssaslıq da artmış oldu. Hər şeydən əvvəl uşaqlar daha həssas olublar, onlar risk qrupuna aid olmağa başlayıblar. Ümumiyyətlə, ağciyər yollarında həssas olan uşaqlar var ki, məsələn, allergik xəstəliyi olan və ya asmatik uşaqlarda onlar bu xəstəliyə qarşı olduqca həssas olurlar. Qızdırma ilə keçirtsələr belə yanaşma olaraq həmin uşaqlarda öskürək, təngnəfəslik və bu kimi hallara rastlanılır. Sonda qanda oksigenin azalması ilə müşahidə edilir". 

İnfeksionist qeyd edib ki, yoluxma sayının artmasına səbəb olan amillərdən biri də insanların əvvəlki kimi qaydalara riayət etməməsidir:

"Əgər qışa nəzər salsaq görərik ki, insanlar o dönəmlərdə sosial məsafə və maska qaydasına daha ciddi riayət edirdilər. İndi marketlərdə, ictimai yerlərdə və avtobuslarda bu qaydalara kifayət qədər riayət olunmur. Yəni sözün əsl mənasında insanlarda rahatlıq yaranıb. Bu da təbii ki, yoluxmanın artmasına gəlib çıxarır". 

İ.Vəliyeva əlavə edib ki, vaksinasiya yeni ştamma qarşı az da olsa qoruma gücünə malikdir:

"Məlum olduğu kimi mövsümi olaraq allergik xəstəliklərin də çox geniş yayılması immuniteti düşmüş bədəndə virusun daha yaxşı aktivləşməsinə şərait yaradır. Buna görə də xəstəliyin yayılmaması üçün daha əlverişli şərait olmalı, qayda-qanunlara ciddi riayət olunmalıdır. Ümumiyyətlə, koronavirusa qarşı antitellər adətən üç həftə sonra yaranır və 3-6 ay ərzində qanda müəyyən miqdarda qalır. Bəzi insanlar üç aydan sonra yenidən yoluxur. Bəziləri isə bir il əvvəl yoluxsa da, onlarda hələ ki heç bir yoluxma müşahidə olunmayıb. Xüsusi olaraq qeyd edim ki, vaksinasiya yeni ştamma qarşı az da olsa qoruyacaq. Çünki virusa qarşı olan antitellər başqa virusa qarşı da mühafizə etmiş olur. Ona görə də vaksinasiya önəmlidir".