Kəndin xilaskarı...

"İlançı Mustafa" bu işi heç bir ödəniş almadan edir

Türkiyənin Hatay  şəhərinin Hassa bölgəsində "İlançı Mustafa" adı ilə tanınan Mustafa Göktürk Amanos dağlarının ətəklərində olan kənd məhəllələrində ilanları ucu çəngəlli bir dəmir və plastik maşa ilə tutaraq təbiətə buraxır.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa vətəndaşların evlərinə, iş yerlərinə və tövlələrinə girən ilanları 14 ildir ki, könüllü olaraq tutur. 29 yaşlı Göktürk təhlükəli sayılan bu işin əslində çətin olmadığını bildirib. 15 yaşından ilan tutmaq işinə başlayan Göktürk evlərə girən ilanlara heç bir zərər vermədən və öldürmədən tutaraq onları sərbəst buraxır. Daha sonra o, qonşulara ilan mövzusunda da köməklik edir. Göktürk kənd məhəllələrində bir "xilaskar" olaraq tanınır. Bir qazma operatoru ilə dolanışığını təmin edən və bölgədə "İlançı Mustafa"  olaraq tanınan Göktürk eyni zamanda xilasetmə qruplarının işini də öz işi ilə yüngülləşdirmiş olur.

Göktürk Anadolu Agentliyinə (AA) verdiyi açıqlamasında ilanlara dair məlumatları kiçik yaşlarından öyrəndiyini bildirib. Bu səbəbdən də artıq onlardan qorxmadığını söyləyib:

"Gənc yaşlarımdan evlərə girən ilanları tutmağa başladım. Bununla da zaman keçdikcə ətrafdakı insanlar məndən kömək istəməyə başladı. Əlbəttə ki, bütün ilan növlərini araşdırdım. İlanlar haqqında ətraflı məlumata sahib oldum. Xüsusən kənd yerlərindəki evlərdə çoxsaylı ilanlar olur. Vətəndaşlar "evimə ilan girdi, mənə kömək edin" deyə məni axtarır.  Mən də könüllü olaraq gedirəm və heç bir ödəniş almadan evə girən ilanı tuturam". 

İnsanların onu təəccüblə izlədiklərini söyləyən Göktürk:

"İlan tutduğuma görə adımı "İlançı Mustafa" qoydular. Bunu Təbiəti Qoruma və Milli Parklar səlahiyyətlilərinin məlumatı əsasında edirəm. Vətəndaşlara ilanlara zərər verməmələri barədə xəbərdarlıq edirəm. Az öncə evin balkonunda tutduğumuz ilan böyük gürzə növünə aid idi, nəsli kəsilmək təhlükəsi olan bir növdür. Sulanma, ovçuluq və sığınacaq kimi amilləri nəzərdən keçirdikdən sonra onu təbiətə buraxacağam. Çünki onların hər birinin bir yeri və müxtəlif vəzifəsi var. Havaların istiləşməsi ilə əlaqədar olaraq ilanlar tez-tez görülməyə başlayır. Düzdür,  ortaya çıxan ilanlar vətəndaşların qorxu yaşamasına səbəb olur. İnsanlardan xahiş edirəm, ilanları öldürməyin".