"YAŞAT" şəhid balalarını Türkiyəyə apardı

Qarabağ qazisi də fondun gördüyü işləri təqdir edir

"YAŞAT" Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları Türkiyə Respublikasına səfər ediblər. Səfərin məqsədi Ankara şəhərində 17-18 mart tarixində təşkil olunacaq "Övladlarımız Tək Ürək" 18 Mart şəhidlərini Anma və Çanaqqala Dəniz Zəfərinın 106-cı ildönümünə həsr olunmuş Proqramında iştirakdır. Proqram Türkiyənin Vətən Ulduzları Fondunun təşkilatçılığı ilə reallaşdırılacaq. Proqramın məqsədi Çanaqqala zəfərinin qürurunu yaşadan, Vətənin birliyi, müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidləri anmaqdır. Tədbirə Türkiyə, Azərbaycan, Türkmənistan, Şimali Kiprdən olan şəhidlərin övladları dəvətlidirlər.

Tarixdə ilk dəfədir təşkil olunan bu cür Proqramda türk dövlətlərindən olan şəhidlərin övladları "tək ürək" adı altında bir araya gələcəklər.

Bu isə öz növbəsində onların biri-birləri ilə kommunikasiya imkanlarını artırmağa, onlara mənəvi dəstəyi təmin etməyə imkan verəcək. Proqram çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbrə ziyarətin, müxtəlif tarixi və etnoqrafik məkanlara, muzeylərə ekskursiyaların, o cümlədən sərgilərin və musiqili tədbirlərin təşkili nəzərdə tutulur. Xatırladaq ki, 10-13 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub. Məhz şəhidlərimizin övladlarının müvafiq Proqramda iştirakı əməkdaşlıqla bağlı əldə olunmuş razılıq tədbirləri çərçivəsində baş tutacaq. Tədbirə Vətən müharibəsi şəhidlərimizin 17-22 yaş aralığında olan övladları qatılıblar.

Mövzu ilə bağlı fikirlərini bölüşən “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bildirib ki, "YAŞAT" Fondunun bu təşəbbüsü çox təqdirəlayiqdir. Onun sözlərinə görə, fond qısa müddətdə yaransa da bir çox işlər görüb:

"Qısa müddətdə bu fond yaransa da, hazırda böyük işlər görürlər. Bildiyimiz kimi, fonda ianələr daxil olur. Onlar da bacardıqlarını edirlər. Kimisini burda müalicə edirlər, kimisini də xarici ölkəyə göndərirlər. Bundan öncə də qazilərimizi Türkiyə müalicə göndərmişdilər. İndi isə şəhidlərimizin övladlarının Türkiyəyə səfərinin təşkil olunması əlbəttə ki, çox təqdirəlayiqdir. Həm də deyərdim ki, qürurvericidir. Ona görə də onları bu işdə dəstəkləyirəm və işlərinin daha uğurlu olmasını diləyirəm. Bundan sonra da davamlı şəkildə belə layihələri həyata keçirmələrini arzu edirəm".