Qızılın, gümüşün qiyməti artıb

Fuad İbrahimov: "Bu, birjalarda bazar münasibətlərinə uyğun aparılan əməliyyatların mövcud vəziyyətidir"

Azərbaycanda qızıl və gümüşün qiymətində son günlərdə artım müşahidə olunur. Belə ki, martın 16-da qızılın qiyməti martın 15-i ilə müqayisədə 11,356 manat (0,39 faiz) artaraq 1 unsiya üçün 2 947,528 manat təşkil edib. Gümüş 0,3908 manat (0,88 faiz) bahalaşaraq 1 unsiya üçün 44,5851 manata bərabər olub.

Qiymət artımı haqda "Şərq"ə danışan iqtisadçı-ekspert  Fuad İbrahimov qeyd edib ki, hazırda baş verən qiymət artımının iqtisadi amillərlə bağlılığı yoxdur:

"Belə hallar dünya birjalarında  istənilən əmtəədə, valyuta  cütlüklərində və indekslərdə baş verə bilər. Bu gün dünya bazarında bununla bağlı hansısa dəyişiklik gözə çarpmır. Bu, birjalarda olan qiymət artımıdır. Belə olan zaman biz eyni zamanda qiymətin enişini də müşahidə edə bilərik. İndi baş verən prosesin siyasi və iqtisadi aspektlərlə bağlılığı yoxdur. Bu, sadəcə olaraq birjalarda bazar münasibətlərinə uyğun aparılan əməliyyatların mövcud vəziyyətidir".