Əhali gəlirlərinin 50 faizini ərzağa xərcləyir

İnkişaf etmiş ölkələrdə bu göstərici adətən 10-15 faiz təşkil edir


Bu ilin yanvar-fevral aylarında əhali ən çox ərzağa pul xərcləyib. Bunu açıqlanan məlumatlar təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6,0 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6 faizi ticarət müəssisələri, 49,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artıb, bazar və yarmarkalarda isə 15,8 faiz azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.

Mövcud vəziyyəti “Şərq”ə şərh edən iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, açıqlanan rəqəmlər reallığı əks etdirir: 

- Ötən illə müqayisədə vəziyyət eynidir. Əhali gəlirlərinin böyük hissəsini – 50 faizə yaxınını yenə də ərzaq məhsullarına xərcləyir. İnkişaf etmiş ölkələrdə bu göstərici adətən 10-15 faiz təşkil edir. Yəni əhali ümumi gəlirlərinin yalnız 10-15 faizini ərzaq məhsullarına sərf edir. Belə bir nəticə gəlirlilik səviyyəsindən asılıdır.

Azərbaycan orta aylıq gəlirlər az, ərzaq məhsullarının qiyməti isə baha olduğundan əhali gəlirlərinin böyük hissəsini ərzağa xərcləmək məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrdə isə gəlirlər böyük olduğundan ərzağa xərclənən vəsait az faiz təşkil edir. Azərbaycanda minimum əmək haqqı 250 manatdır. Almaniyada isə yaşayış minimumu 900 avrodur.

Təbii ki, bu durumda faiz göstəriciləri də fərqli olacaq. Hesabatda diqqət çəkən həm də yanvar-fevral ayları ərzində əhalinin əczaçılıq məhsulları (dərman preparatları – red.) və tibbi ləvazimatlara xərclənən vəsaitin miqdarıdır.

Göstərici ümumi gəlirin 2.3 faizidir. İlk baxışda faiz kiçik görünə bilər, lakin əslində bu, kifayət qədər böyük rəqəmdir. Deməli, ötən aylarda əhali ərzaq məhsulları ilə yanaşı dərman preparatlarına da kifayət qədər vəsait xərcləyib.