Köçəryan manipulyasiya edir: “Seçicilər onu yaxşı tanıyırlar” - Uğursuz qayıdış! 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanla bağlı sensasion açıqlama verib. O, bildirib ki, Paşinyan xalqın qarşısında diz çökməli və özünü güllələməlidir. Keçmiş prezident son bir neçə ayda siyasətçilər, ictimai xadimlər və gənclərlə tez-tez görüşlər keçirir. Köçəryan jurnalistlərin suallarını cavablandırarkən bildirib:

“Mən müxtəlif vaxtlarda - işdə və ya bəzi səbəblərdən ofisdə, məhkəmə binasının yaxınlığında, hətta İrəvan küçələrində, təyyarədə belə görüşlər keçirirəm. Müzakirələrim əsasən Qarabağ müharibəsindən başlamış keçmiş, amma daha çox indiki Ermənistanın gələcəyi haqqındadır.
Biz - vətənini sevən insanlar, birlikdə yaraları sağaldıb ölkəni yenidən qura biləcəyimizə inanmalıyıq”.



Köçəryanın söylədiklərini “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, eks prezidentin bu tipli açıqlamalarını çox görəcəyik:

“Artıq Köçəryan bəyan edib ki, böyük siyasətə qayıdır. Əlbəttə ki, ondan çox şey gözləmək olar. O, belə tez-tez açıqlamaları verəcək. Çox güman ki, bir-birinə zidd açıqlamlar da ola bilər.

Köçəryan gündəmdə qalmaq istəyir və bilir ki, bunun üçün qalmaqallı tezislərlə çıxış etmək lazımdır. Ünvanladığı mesajların Paşinyana çatacağına inanmıram. 

Aydındır ki, Ermənistanda indiki şəraitdə heç kim heç kimin sözünə qulaq asmır. Nəticədə Köçəryanın cəmiyyətə ciddi təsir göstərməsi mümkün deyil. Ona görə də söylədikləri daha çox Paşinyana yox, potensial seçicilərə ünvanlanan tezislərdir. Seçicilər isə Köçəryanı çox gözəl tanıyırlar.
Bilirlər ki, bu insan neçə illər ərzində ölkəni talayıb, əhalinin gündəlik həyatına müsbət təsir göstərməyib. Ona görə belə açıqlamaların heç bir praktiki əhəmiyyəti yoxdur”.