YAP-a birləşən təşkilatın sədri: “Hakim partiya manevr etməlidir”

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar 7-ci qurultayı bir çox hadisə ilə yadda qaldı.  Xüsusilə, 6 siyasi partiyanın YAP-a birləşməsi cəmiyyətdə böyük maraqla qarşılandı. Həmin partiyalardan biri Azərbaycan Xalq Demokrat Partiyasıdır (AXDP).
“Sherg.az”olaraq AXDP-nın rəhbəri Rafiq Turabxanoğlu ilə həmsöhbət olub YAP-a qoşulmaqları barədə danışdıq.
Zəngimizə cavab verən partiya rəhbəri Ağdamda olduğunu söylədi:

-Elə bu dəqiqə avtobusdayıq. Ağdama gəlmişik. İndi digər yerlərə də gedəcəyik. Buranı gözlərimizlə gördük, xalqımıza qarşı böyük bir vəhşilik edilib.

-İmkanınız varsa, qısa vaxtınızı alardım

-Əlbəttə, buyurun

-YAP-a qoşulmağınız hansı zərurətdən irəli gəldi?

-Dəfələrlə demişəm ki, Azərbaycanda mövcud olan problemlərin həlli üçün  müəyyən qurumlar yaradılmalıdır. Azərbaycanın siyasi dünya müstəvisində yeri möhkəmləndirilməlidir. Liberal dəyərlər üçün qrup olmalıdır. Gözləyirəm ki, inkişaf etmiş ölkələrdəki kimi bizdə də bu vəziyyət düzəlsin. Bu gün həqiqətən də millətimiz əziyyət çəkir. Dediyim qurumlar ona görə vacibdir ki, müvafiq işləri görə bilmək üçün dövlət büdcəsi yönəlməli və ora kadrlar hazırlanmalıdır. Kadrlar isə həmin qruplarda yetişdirilməlidir. Gələcəkdə xalqa öz platformalarını bəyan etməlidirlər. Yoxsa birdən-birə nəsə istəməklə əldə etmək olmur. İstəyirəm ki, Azərbaycanda ilk olaraq yekdillik olsun. Nə qədər ağır olsa da, illər keçsə də torpaqlarımız azad edilib. Bunu möhkəmləndirmək üçün müəyyən manevrlərin edilməsini vacib hesab edirəm. Həmin manevrləri isə YAP və digər partiyalar da etməlidir.

-Bundan sonra hakim partiyadakı fəaliyyətinizi necə qurmağı düşünürsünüz?

-Xalqımızın və dövlətimizin problemlərini görmək, bunu xalqa bəyan etmək lazımdır. Xalq da bilsin ki, nə var nə yox. Əksər ziyalımız sovet dönəmində yetişib. Lakin hələ ki, eyni sinfi mübarizədən başqa istiqamətə yönələ bilmirik. Bunları aradan qaldırmaq lazımdır.
Müvafiq işlərin görülməsi üçün proqramlar hazırlanmalıdır. Elə imkanım yoxdur ki, kiməsə nəsə təklif edim. Görünür, cənab Prezident tərəfindən müvafiq təkliflər veriləcək. Məsələn, bu gün 3 avtobus Ağdama gəlib, çoxlu sayda insan azad olunan torpaqlarımıza baş çəkir. Bunların hamısı mənim üçün böyük işlərdir.

-AXDP-nin üzvləri YAP-a birləşməyi necə qarşıladı?

-Hər kəsin razılğı oldu. Hansısa bir arqument yoxdursa, etiraz etmək mənasızdır. Qərar qəbul edilib, partiyamızın Ali İdarə Heyətində məsləhətçi var. Partiyamızda verilən qərara etiraz edən  şəxs yoxdur. Məntiqi şəkildə YAP-a birləşməyə razılıq verilib.
 
-YAP-a qoşularkən partiyanızın neçə üzvü var idi?

-Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçmiş ən birinci partiyalardanıq. Ədliyyə Nazirliyi standartı neçə qoyubsa, üzvlərimizin sayı həmin standartlardan ikiqat artıq olub. Partiyamıza elə-belə gələn kimsə yoxdur. Müəyyən hissəsi rəhmətə gedib, yaşlanıb, gənc nəslimizə isə oxuyub informasiya yığmaqlarını söyləyirəm. Partiya üzvlərimizin hər biri dünyadan xəbəri olan şəxslərdir.