“Düşmən qəbirlərə belə mina quraşdırıb” – GETMƏYİN! 

“KİV-lər işğaldan azad olunan torpaqlarımıza səfərin təhlükəli olduğu yazır” 

“Axı riskli olduğunu bilə-bilə niyə gedirsən?!”


Martın 16-da saat 16 radələrində 6 mülki şəxs Ağdam rayonunun işğaldan azad olunan ərazisində piyada əleyhinə minaya düşüb. Onlar məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Akif Hüseynov, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn, Əslən Laçından olan 1985-ci il təvəllüdlü Bəhruz Abdullayevdir.
Nəticədə Razi Hüseynov və Bayram Hüseynov həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.



Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov deyib ki, hələ ilk gündən prezident İlham Əliyev işğaldan azad olunan ərazilərin düşmən tərəfindən minalandığını söyləyib:

“Eyni zamanda o yerlərə icazəsiz, qeyri-qanuni yollarla getmək təhlükəlidir. Bununla bağlı Daxili İşlər Nazirliyi mütəmadi xəbərdarlıq edir, qadağalar qoyur. Həmçinin hərbi postlar var.

 Minalardan təmizlənmiş ərazilərə getmək olmaz. İşarələr yerləşdirilib, ordan kənara çıxılmamalıdır. 
Bu 30 ildə düşmən hətta qəbirlərə belə mina quraşdırıb. KİV-lərdə maarifləndirmə işləri aparılır, təhlükəli olduğu söylənilir. 

Axı riskli olduğunu bilə-bilə niyə gedirsən?Noyabrın 10-dan sonra həm hərbçilərimiz, həm də mülki vətəndaşlarda qayda-qanuna əməl etməyənlərin içərisində nə qədər ölüm hadisəsi olub. 

 Bir vətəndaş, bir millət vəkili kimi əhaliyə çağırış edirəm ki, icazəsiz azad olunmuş ərazilərə keçməyin! 

Mən də getmək istəyirəm, 28 ildir ki, həsrətindəyəm. Lakin icazə yoxdursa, qaydaya əməl etmək lazımdır.
 Axı qeyri-qanuni gedib, ölənlər, yaralananlar göz qabağındadır. Vətəndaşlarımız nəticə çıxarıb, qaydalara ciddi riayət etməlidirlər.