Rusiya qazı Ermənistana Azərbaycan ərazisi ilə nəql olunacaq

Bu şans bizim tədricən Ermənistan üzərində iqtisadi hökmranlığımızı da təmin edəcək

SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verəcək. Yəni Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisi ilə nəql olunacaq.

Məlumata görə, iki tərəf arasında müqavilə martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.


İqtisadçı Pərviz Heydərov "Şərq"ə açıqlamasında bildirib ki, gələcəkdə də belə halların baş verəcəyini biz təbii qəbul etməliyik. P.Heydərov qeyd edib ki, 44 günlük müharibədən sonra 10 noyabrda imzalanan bəyannamənin 9-cu bəndindəki şərtlərdən biri o idi ki, Naxçıvanla Azərbaycan ərazisində quru əlaqələr yaranacaq:

"Təbii ki, ilk olaraq dəmir yolu çəkiləcək. Yəni tarixi qədim dədə-baba torpaqlarımız olan Zəngəzurdan neçə illik fasilədən sonra ilk dəfə olaraq istifadə edə biləcəyik. Düzdür, əvvəllər də hava nəqliyyatı ilə Naxçıvanla əlaqələrimiz var idi. Amma dəmir yolu nəqliyyatından istifadə etməklə, biz ən qısadılmış məsafə əldə edəcəyik. Habelə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla əlaqələrimiz xeyli dərəcədə asanlaşacaq. Çünki həmin dəmir yolunun işə düşməsi Türkiyə-Azərbaycan, Türkiyə-Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan-İran, Rusiya-Azərbaycan-İran-Türkiyə əlaqələrinin də nəqliyyat infrastrukturunda yeni bir formada yeni formatda meydana çıxması demək olacaq. Yəni bu təkcə sırf Azərbaycanla Naxçıvana aid məsələ olmayacaq. Bu, bütün region üçün yeni bir nəqliyyat imkanının açılması olacaq". 

P.Heydərov vurğulayıb ki, bütün bu əlaqələr gələcəkdə yaranacaq yeni kommunikasiya əlaqələrinin açılmasında, yeni nəqliyyat infrastrukturlarının təşkil olunmasında mühüm rol oynayacaq:

"Bu məsələdə Azərbaycan Ermənistan üzərindən ilk növbədə dominant rolunu oynayacaq. Yəni regionda aparıcı bir qüvvə olan ölkə kimi. Necə ki, indi tanınır, gələcəkdə də daha çox tanınacaq. Ermənistana Rusiyadan verilən qazın Azərbaycan ərazisindən keçməsi özü də Azərbaycanın xeyrinə olan siyasi əhəmiyyətli məsələdir.

Bu bizim Ermənistan üzərində artıq yavaş-yavaş iqtisadi hegemonluğumuzun əldə edilməsinin ilkin addımıdır. 
Ermənistana bu gün nə lazımdırsa, hamısı gələcəkdə Azərbaycan ərazisindən keçəcək və keçməlidir də. Rusiyanın Ermənistana verdiyi qazın bizim vasitəmizlə ötürülməsi Azərbaycana əlavə şans verir və bu, əlavə bir açardır. Bu, Azərbaycanın Ermənistan üzərindən iqtisadi hökmranlığını təmin edən ilkin addımlardan biridir.

Beləliklə, “Qazprom Export” MMC ilə SOCAR arasında Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana tədarükü haqda imzalanan müqavilə ölkəmizin Yerevan üzərində iqtisadi hakimiyyətinin praktik əsasını qoyur. Yəni gələcəkdə Ermənistana gedən bütün "qida resursları" üzrə kanallar Azərbaycanın əlində olacaq".