Şiddət artır...

Qumbara ilə öz ailəsini təhdid edən kişinin durumu başqasında da yaşana bilər

"Mənəvi aclıqdan əziyyət çəkənlər isə həm də daxili və xarici aqressiyadan əziyyət çəkirlər"

İki gün öncə Bakıda gecə saatlarında bir kişi ailəsini qumbara ilə öldürməyə cəhd göstərib. Martın 15-i saat 23:20-də DİN-in "102-Zəng Mərkəzi"nə müraciət edən  bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.  İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb. Hazırda bu barədə araşdırma aparılır.

Dəhşətli hadisə ilə bağlı fikirlərini "Şərq"lə bölüşən psixoloq Fərqanə Mehmanqızı deyir ki, son dönəmlərdə insanlarda daxili aqressiya olduqca artıb:

"Əslində belə hadisələrdə silahla, qumbara  ilə və s. vasitələrin işlənməsinin heç bir önəmi yoxdur. İstənilən halda bu olaylar bizi üzür. Çox təəssüf ki, cəmiyyətimizdə ailədaxili şiddət artıb. Buna səbəb də insanların öz daxilində aqressiyanın artmasıdır.

Eyni zamanda adamların bir-birini eşitmə, dinləmə bacarığı da həddən artıq dərəcədə azalıb. Bu da mənəvi aclığa gətirib çıxarır.

Mənəvi aclıqdan əziyyət çəkənlər isə həm də daxili və xarici aqressiyadan əziyyət çəkirlər. İnsan xroniki depressiya, panik ataklar,  nevroloji problemlər keçirir və bütün bunlar sonda ailədaxili münaqişə ilə nəticələnir.

Belə insanlar özünü nəinki ailədə və sosial mühitdə hətta mənliyində belə təsdiq edə bilmir. Bir tərəfdən də sosial şəbəkələrə meyilli olmaq özünütəsdiqi ləngidir.  İnsanlar isə adətən belə olaylara qarışaraq müxtəlif cür özünü təsdiq etmək istəyir.

Sonda isə bunların hamısı məhv olmuş bir ruha, ailə institutunun dağılmasına gətirib çıxarır".