Elmin maliyyəsi artırılmalıdır

Nəticəsi effektiv olmayan elmi müəssisə və mərkəzlər ya tam ləğv olunmalı, ya profilə uyğun başqa institutlarla birləşdirilməsi baş verməlidir 

“Azərbaycanda elmin inkişafı sahəsində ən ciddi problemlərdən biri son dərəcə məhdud maliyyələşmədir. İqtisadiyyatda yaranan əlavə dəyərin təxminən 0.2 faizi elmə yönəlir”.

Bu sözləri millət vəkili Etibar Əliyev deyib. Deputat bildirib ki, inkişaf etmiş ölkələrdə bu göstərici 2 faizdən az deyil. Hətta Cənubi Koreya və İsraildə 4 faizə yaxındır:

“Əlbəttə, Azərbaycanda elmin mövcud menecmenti qaldıqca, maliyyənin artımı da nəticələrə əhəmiyyətli təsir etməyə bilər. İlk növbədə nəticə əsaslı maliyyələşmə mexanizmi tətbiq edilməli, bundan sonra elmin maliyyəsi ciddi şəkildə artırılmalıdır.

Nəticə əsaslı maliyyələşmə o deməkdir ki, elmi tədqiqat müəssisələrinin fəaliyyəti effektivlik göstəriciləri əsasında qiymətləndirilməlidir.

Qiymətləndirmədən asılı olaraq onların maliyyələşdirilməsi təmin edilməlidir. Nəticəsi effektiv olmayan elmi müəssisə və mərkəzlər ya tam ləğv olunmalı, ya profilə uyğun başqa institutlarla birləşdirilməsi baş verməlidir.

Effektivlik göstəriciləri dünyada qəbul edilən göstəricilərə uyğun olmalıdır. Fərqli nəticələr nümayiş etdirən müəssisələrə differensial maliyyə ayrılmalıdır”.

Parlament üzvünün fikrincə, vacib məsələlərdən biri biznesin elmin maliyyələşdirilməsində iştiraka stimullaşdırılmasıdır:

“Qərb ölkələrində elmin maliyyələşməsində özəl sektorun töhfəsi 30-70 faiz təşkil edir. Azərbaycanda biznesin elmə investisiya qoyması üçün təşviq mexanizmləri barədə fikirləşmək, biznes assosiasiyaları ilə bu istiqamətdə müzakirələr aparmaq lazımdır. Adətən dövlət fundamental elmə sərmayə qoyur, lakin tətbiqi tədqiqatlarda özəl sektor daha çox maraqlı olur. Sanballı, dünyada qəbul olunan elmi jurnalların dəstəklənməsi son dərəcə vacibdir”.