“Sovetski”dən köçürülmə ədalətli aparılmalıdır

Vətəndaşın mülkiyyət hüququ bütün hüquqlardan öndədir


“Azərbaycan dövlətinin əsas prioriteti vətəndaş məmnunluğudur”.  Bu ifadəni Milli Məclisin ötən toplantısında millət vəkili Elnur Allahverdiyev paytaxtdakı köçürmə probleminə toxunarkən səslənidirib. Millət vəkili əvvəllər “Sovetski” adlanan ərazidən köçürülən vətəndaşlara ödənilən kompensasiyanın  artırılmasını təklif edib: 

- Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə quruculuq işləri görülüb, park salınıb insanların istifadəsinə verilib. Ancaq müəyyən problemlər qalmaqdadır. Ərazidən hələ də köçməmiş bəzi vətəndaşlar verilən kompensasiyanın az olduğunu deyirlər. Biz Yasamalı təmsil edən 3 deputat vətəndaşlarla görüşürük. Onlara verilən kompensasiyaların artırılması mümkündürsə, bunu edək. Çünki dövlətin siyasətinin əsas prioriteti vətəndaş məmnunluğudur. Bu problemin kökündən həll edilməsi mümkündürmü?” 

Azərbaycan dövlət siyasətinin əsasının vətəndaşların rifah halınını yaxşılaşması, vətəndaş məmnunluğu, vətəndaşın dövlətdən razı qalması üçün gərəkən bütün tədbirlərin zamanında və yerində həllinə nail olunmasının təşkil etdiyi cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi qərarlar, həmçinin cənab Prezidentin xalqa, vətəndaşlarla birbaşa təmasları zamanı səsləndirdiyi fikirlər, xalqla davranışları təsdiq edir.

Cənab Prezident dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçisi olmalıdır, harada vətəndaşın hüquqları pozulursa, orada həmin hüquqlarının bərpasına ilk növbədə dövlət özü təminat verir. Eyni zamanda dövlətin maraqları, dövlətə dividend gətirəcək amillər də nəzərə alınmalı və əslində, bunda ilk növbədə vətəndaş özü təşəbbüskar olmalı və dövlətin maraqlarının qorunmasında əsas güc kimi çıxış etməlidir. Məsələn, biz müşahidə edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə planlaşdırılan, layihələndirilən yenidənqurma və quruculuq işlərində vətəndaşlar aktiv iştirak etmək istədiklərini bildirir. Xüsusən də vaxtilə doğma-yurd yuvasını tərk etməık məcburiyytətində qalmış insanlar hökumətə, yerli orqanlara müraciət edərək quruculuq işlərinə qoşulmaq istəklərini ifadə edirlər. Eləcə də hər bir vətəndaş öz hüqüqunu bilmək və hüququnun təminatını tələb etməklə yanaşı, dövlət maraqlarının ziyan görməməsini də nəzərə almalıdır. Bu məsələ paytaxtdakı köçürülmə məsələlərinə də aiddir. 

Köhnə məhəllə sakinlərinə müasir, rahat yaşayış təklif edilirsə… 

“Sovetski” adlanan ərazinin bir neçə il öncəki durumu şəhər sakinlərinə məlumdur. Darısqal yollar, ensiz küçələr, 20-ci əsrin əvvəlllərinin “yadigarı” olan bir-birinə bitişik kiçik, əyri damlı, təmirsiz evlər… Ərazidən köçməyi illərlə arzulayan ailələr vardı. Ailə üzvlərinin sayı artdıqca, evliliklər gerçəkləşdikcə dar otaqlara sığmayan ailələr, uşaqlar üçün, əlbəttə, yeni, rahat mənzillər ən böyük arzu, istək idi. Bakının abadlaşdırılmasına hesablanan layihələr nəhayət ki, “Sovetski”yə də çatdı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2013-cü ildən etibarən “Sovetski” ərazisində yenidənqurma və abadlıq işlərinə başlandı. Ərazidəki könhə evlərin çoxu söküldü, geniş yol qovşağı, keçidlər inşa edildi. “Təzəpir” məscidinin qarşısında yeni bağ, Füzuli küçəsi boyunca Mərkəzi İstirahət Parkı salındı. Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırıldı. Mərkəzi Parkın ərazisində kafe fəaliyyəti üşün də şərait var. Bu istirahət məkanında insanların rahat hərəkətini təmin etmək məqsədilə yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. Keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa olunub. Ərazidə bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.

Görülən işlər çərçivəsində "Təzəpir" məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb. İndi bu ərazi ətraf sakinlərin əsas istirahət yerinə çevrilib. 

“Sovetski”də inşa edilmiş yeni yol qovşağı və parkın açılışı 2019-cu ilin may ayında oldu və cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyeva açılışda iştirak etmişdi. O zaman da cənab Prezident hələ də “Sovetski” ərazisində yaşayan sakinlərlə səmimi görüşmüşdü və onların problemlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdi. 

Ötən zaman ərzində xeyli vətəndaşın problemi həllini tapıb. Sökülən evlərinin əvəzinə təklif edilən kompensasiyadan narazı qalanların məsələsi də həllini gözləyir. Mütəxəssislər bu fikirdədir ki, belə məsələlərdə vətəndaş maraqları əsas götürülməlidir. 

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bu məsələnin Nazirlər Kabineti tərəfindən həll edilməli olduğunu bildirdi: 

- Köçürülmə məsələsində standartlar müəyyənləşməli və bazar qiymətinə uyğunlaşdırılmalıdır. Söküntü işi kim tərəfindən aparılırsa, ərazidə yeni binalar kim tərəfindın tikilirsə, istəyir bu, fiziki şəxs olsun, istəsə də hüquqi şəxs, standartlara uyğun davranılmalıdır. Hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən dəqiq standartlar müəyyənləşməli və təsdiqlənməlidir. Və bu barədə söküntüdə maraqlı olanlar da məlumatlandırılmalı və onların da bu standartlardan çıxış etməsi tələb olunmalıdır. Standartlarla bağlı əmsal cədvəli tətbiq edilməlidir. Paytaxt əraziləri üzrə qiymətlər orada əksini tapmalıdır. Standartların müəyyənləşməsi ona görə vacibdir ki, qiymətlər dəyişkəndir, hansısa şərtlərə, amillərə görə dəyişə bilir. Bu gün bir qiymət, sabah başqa bir qiymət olmamalıdır. Hesab edirəm ki, standartlar müəyyənləşsə, ajiotaj da aradan qalxar, vətəndaşın da hüququ tanınar, həmçinin dövlət maraqlarına da ziyan dəyməz. Bu işdə yerli icra hakimiyyətlərinin, məmurların üzərinə böyük məsuliyyət düşür. Məmurlar vətəndaşı narazı salacaq əməllərdən çəkinməlidir. Vətəndaş da əgər ona köhnə, şəraitsiz mənzil əvəzinə rahat, müasir mənzil təklif edilirsə, bu təklifi düzgün dəyərləndirməlidir. 

“Vətəndaşa ödənilən kompensasiya yeni mənzil almaq imkanı verməlidir”

Qaldırılan məsələ ilə bağlı “Əmlak” Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, vətəndaş hüquqlarının qorunması ən ümdə məsələdir: 

- Hamıya bərabər, eyni yanaşma, heç kimin hüquqlarının pozulmaması, mülkiyyət hüququnun tanınması bütün meyarlardan öncə gəlir. Təəssüf ki, bəzən bu meyarların pozulduğunun, gözardı edildiyinin şahidi oluruq.

Müvafiq icra hakimiyyəti orqanları bu meyarları nəzərə almır. Mülkiyyət hüququ olmayan tikililər üçün böyük məbləğdə kompensasiya ödənilir, amma bəzi vətəndaşlar mülkiyyət hüquqları ola-ola kompensasiya ala bilmir və narazı qalırlar. Nəzarətdən kənar qalan və ya bəzi məmurların göz yumduğu belə hallar yaşanır. Mən bu məsələni gündəmə gətirən millət vəkilini təqdir edirəm. O, əsl vətəndaş mövqeyindən çıxış edib. Köhnə “Sovetski” ərazisində problemli ərazilər, problemli tikililər hələ də qalmaqdadı.

Elə ərazilər var, orada köhnə tikililər tamamilə sökülüb, mülkiyyətçilər də kompensasiya ilə təmin edilib, lakin elə yerlər də var, sökülsə də mülkiyyətçi təklif edilən kompensasiya məbləği ilə razılaşmır, həmin ərazilərdə köhnə tikililər hələ də qalmaqdadır. Ümumiyyətlə, yeni tikililər arasında köhnə tikililərin qaldığı ərazilər də var. Kompensasiyaların təyinində ədalətli yanaşma olmalıdır və qiymətlər mövcud bazara uyğun müəyyənləşməlidir.

“Sovetski” ərazisində və ya ora yaxın, ətraf ərazilərdə yeni tikililərdə mənzillərin qiyməti kvadrat metr üçün 2000 manatdan başlayır, bundan yuxarı məbləğlərə təklif edilən mənzillər də var.

“Sovetski”dən köçürülən vətəndaşlara isə kvadrat metr üçün 1500 manat kompensasiya verilir. Bu qiymətə həmin ərazidə mənzilə sahib olmaq mümkün deyil. Belə bir əsas gətirilir ki, vətəndaşın mənzilinin kvadratı kiçikdir. Məlum məsələdir ki, “Sovetski” ərazisində evlərin əksəriyyəti kiçik idi, darısqal həyətlər və kiçik mənzillərdən ibarət idi. Lakin bu, vətəndaşın mülkiyyətinin qiymətləndirilməsində əsas şərt kimi götürülməməlidir. Vətəndaş yaşadığı ərazidən də, evindən də məmnundur.

Deyək ki, “Sovetski”də yaşayan birisi səhər evdən çıxır və 10 dəqiqəyə “28 May” ərazisindəki iş yerinə çatır. Amma ona təklif edilən məbləğə ancaq elə yerdə ev alacaq ki, ordan işə gəlmək üçün 2 saat vaxt və aylıq külli miqdarda da yol xərci sərf etməli olacaq. Yəni vətəndaş ona təyin edilən kompensasiya ilə ancaq mərkəzdən uzaq, şəhər kənarında ev, mənzil ala bilər. Burada vətəndaşın hüquqlarının pozulması baş verir. Dövlət buna imkan verməməlidir.

Əgər ərazi dövlət ehtiyacları üçün alınırsa, hökumət köhnə tikililəri ləğv edib, əvəzinə yeni, müasir binalar inşa edilməsinə, parklar, yaşıllıqlar salınmasına qərar veribsə, o zaman vətəndaşı da ehtiyaclarını ödəyə biləcək məbləğlə təmin etməlidir.

Əgər ərazilər dövlət ehtiyacları üçün alınırsa qiymətlər ədalətli müəyyənləşməli və bazara adekvat olmalıdır. Məlum məsələdir ki, sahəsi kiçik mənzillərə sahib olanlar onlara ödənilən kompensasiya ilə istədikləri mənzili əldə edə bilməzlər. Təkcə “Sovetski” ərazisi yox, ümumiyyətlə, harada köçürülmə aparılırsa, kompensasiyalar mövcud bazar qiymətlərinə adekvat təyin edilməlidir.

Belə yanaşma olmamalıdır ki, evin dəyəri aşağıdır, köhnə mənzildir, onsuz da uçub-dağılır, sahəsi kiçikdir... Vətəndaşın mülkiyyət hüququ bütün digər hüquqlardan öndə gəlir. Və bu hüquq ölkə Konstitusiyası ilə qorunur.