Bir az səbirli olun, cənablar!

Bu ölkədə Qarabağın bütün ərazilərinin minalandığını bilməyən adam yoxdur

"Əhali təhlükəsizliyi düşünməlidir. Özünü təhlükəyə atıb, düşməni sevindirməməlidir. Zaman keçdikcə ərazilər minalardan təmizlənəcək. O zaman kim hara istəyir, rahat gedib-gələr"


İşğaldan azad edilmiş Ağdamda 6 mülki şəxsin minaya düşərək həlak olması mövcud təhlükənin miqyasını bir daha göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə dəfə bu məsələyə toxunub və vətəndaşlara müraciətində işğaldan azad edilmiş ərazilərə icazəsiz gedişlərdən çəkinməyə çağırıb. 

“Əfsuslar olsun ki, azad edilmiş torpaqlarda son günlər bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşayıblar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun”. 

Qeyd edək ki, Prezident xarici media nümyəndələri üçün təşkil edilmiş brifinqdə də bu vacib məsələyə toxunmuşdu və ermənilərin Azərbaycan torpaqlarında  minaladıqları ərazilərin xəritəsini verməkdən imtina etməsini bəşəri cənayət adlandırmışdı. 

Bununla belə bəzi vətəndaşlarımız xəbərdarlıqları nəzərə almayaraq işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlər təşkil edir, sonuc isə bəzən faciəli olur. Bu məsələdə boşluq haradadı? Təbliğatdamı, yoxsa nəzarət postlarındamı? 

Məsələ ilə bağlı “Şərq”ə danışan ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev Daxili İşlər Nazirliyinin üzərinə düşən vəzifəni yerinə yetirdiyini dedi: 

- Bu məsələdə polisi qınamaq doğru olmaz. Polis üzərinə düşən vəzifəni icra edir. DİN tərəfindən də, Fövqəladə Hallar Nazirliyi tərəfindən də əhaliyə xəbərdarlıq müraciətləri yayımlanır.

Efir vasitəsilə, media vasitəsilə, təbliğat işi aparılır ki, icazəsiz səfərlər etməyin, ərazilər minalanıb, təhlükəlidir. Amma vətəndaşlar xəbərdarlıqlara məhəl qoymur. İşğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edənlərin əksəriyyəti yerli əhalidir. Polis postuna yaxınlaşır, doğma yurdunu görmək istədiyini deyir, postdan da onu buraxırlar. Deyir, gedib-qayıdıram. Amma insandı da, torpağa ayaq basır, maraq güc gəlir, yolunu dəyişir, müəyyən edilmiş marşrutdan kənara çıxır. İşğaldan azad edilmiş ərazilərə dövlət səviyyəsində dəfələrlə səfərlər təşkil edilib, şükür ki, heç bir insident yaşanmayıb, tələfat olmayıb. Deməli, müəyyən edilmiş yoldan kənara çıxmaq olmaz. Əhali bilir ki, ərazilər minalanıb. Bunu bilməyən yoxdur. Azərbaycan bu məsələni ən yüksək tribunalarda səsləndirir. Daxildə də kifayət qədər təbliğat aparılır. Amma yenə də, elə insanlar var, maraqdanmı, ya da hansısa başqa səbəblərdən təyin olunmuş yoldan kənara çıxır, minalardan təmizlənməmiş, təhlükəsizliyinə zəmanət verilməyən ərazilərə gedirlər. Və belə faciələr yaşanır. 

M.Hacıyev yerli əhaliyə işğaldan azad edilmiş ərazilərə keçidə sərt qadağa qoyulmasının mümkün olmadığını dedi: 

- Camaata qadağa da qoymaq olmaz ki, getmə, icazə yoxdur. Bu, bizim öz ərazimizdir. 28 ilə yaxın düşmən tapdağında qalıb, insanların hisslərini başa düşmək lazımdır. Elə ərazilər var, ora səfərlər qadağandır. Amma məsələn, Ağdamın, Füzulinin işğal olunmamış əraziləri də vardı, orada insanlar yaşayırdı. Yəni gediş-gəliş, yaşayış vardı. Ola bilsin ki, vaxtilə işğal altında olan, indi isə artıq azad edilmiş ərazilərə məhz bu hissələrdən keçib gedirlər. Lakin yenə də əhali təhlükəsizliyi düşünməlidir. Özünü təhlükəyə atıb, düşməni sevindirməməlidir. Zaman keçdikcə ərazilər minalardan təmizlənəcək. O zaman kim hara istəyir, rahat gedib-gələr.