Ağdam səfəri: “Qəbirləri dağıdıb, yerində buğda əkiblər”

Dünən Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri baş tutub. Partiya sədrlərini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.

Nümayəndə heyəti əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Gümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar. Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.

Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.

Səfərdə iştirak edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təəsüratlarını “Sherg.az”la bölüşüb. Pariya sədri səfərin çox mühüm olduğunu diqqətə çatdırdı:

“Ağdam səfəri mənə mənfi və müsbət təsirlər bağışladı. Mənfi təsir o mənada ki, işğalda olan torpaqlarımız vəhşiliklərə məruz qalıb. Təbiətimizdə bir dənə olsun ağac yoxdur. Hektarlarla boş sahənin olmasına baxmayaraq, qəbiristanlıqları söküb, yerində buğda əkiblər.

Qəbirlərdəki meyitlərin sümüklərini özləri ilə aparıblar. Kəndlərdə və şəhərdəki bütün binaları söküblər. Ağdamda cəmi 2 tikili qalıb: Pənahəli xanın imarəti və Ağdam məscidi.

Bu tikililəri də bərbad günə qoyub, donuz saxlayıblar. Bir sözlə, hər yeri öz nəfəsləri və əməlləri ilə murdarlayıblar. Ermənilərin necə bir millət olduğunu bilmək üçün Qarabağa getmək kifayətdir”.