Deputat: “ABŞ Azərbaycanı mühüm tərəfdaş kimi qəbul edir”

"ABŞ-la Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi başlayır. Sözügedən mərhələ ABŞ-da yeni prezidentin seçilməsi və regionda post-müharibə dövründə yaranmış yeni reallıqlar prizmasından şərh olunmalıdır. Bu, ABŞ Prezidenti Co Baydenin Novruz Bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda da aydın şəkildə qeyd olunub. Məktubda ən vacib məqamlardan biri, ABŞ Administrasiyasının regional barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışmaq niyyətini açıqlamasıdır. Bu mövqe bir daha göstərir ki, 44 günlük Vətən Müharibəsindən sonra bölgədə yaranan yeni reallıq bütün tərəflərin maraqlarına cavab verir".

Bu barədə "Sherg.az"a millət vəkili Könül Nurullayeva bildirrib.
Xanım parlamentari qeyd edib ki, ümumiyyətlə, Azərbaycanla müxtəlif sahələri əhatə ədən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi Qafqaz-Xəzər dənizi regionunda siyasi prioritetləri sırasına daxildir:

"Rəsmi Vaşinqton güclü və inkişaf edən Azərbaycanı həm də regionda sabitliyin və sülhün, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm tərəfdaş kimi qəbul edir.

Aydındır ki, Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması regionda təhlükəsizliyə ən böyük zərbə olub. Bu müddət ərzində münaqişəni “ölü nöqtə”dən tərpədə bilməyən Minsk Qrupunun həmsədri olan dövlətlər də yaranmış reallığı dayanıqlı sülhün təminatı kimi xarakterizə edir. Elə Co Baydenin məktubunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan etməsi də bunu təsdiqləyir. Bu yanaşma yeni reallıqlar çərçivəsində Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğundur".

Millət vəkilinin sözlərinə görə, Co Baydenin məktubundan aydın görünür ki, ABŞ bundan sonra da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini davam etdirəcək:

"Xüsusilə, Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səyləri, həyata keçirdiyi nəhəng enerji layihələri illərdir ABŞ tərəfindən də ən yüksək səviyyədə dəstəklənir. Təsadüfi deyil ki, Azərbaycanın rəhbərliyi ilə həyata keçirilmiş “Cənub Qaz Dəhlizi” layihəsi Ağ Ev tərəfindən də enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihə kimi dəyərləndirilir.

Hazırda Ağ Ev Administrasiyası Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Bir sözlə, strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksələn ABŞ-Azərbaycan əlaqələri dostluq və tərəfdaşlıq xarakterini bundan sonra da qoruyub saxlayacaqdır".