Para itirən də olur, qazanan da...


Dünyanın hər yerində banklar acgöz olur

Risklər çox olduğuna görə Azərbaycandakı banklar yüksək faiz dərəcələri qoyurlar

"Azərbaycanda banklar kredit verəndə fikirləşir ki, bu kreditlərin hansı hissəsi qayıtmaya bilər. Əgər qayıtmasa, o zaman onların məhkəmələrə, icra məmurlarına rəsmi və qeyri-rəsmi xərcləri nə qədər çıxacaq"


Son dönəmlər iqtisadi sahədə aktual olan mövzulardan biri də bankların yüksək faiz dərəcələri ilə bağlıdır. Belə ki, vətəndaşların böyük əksəriyyəti banklarda faizlərin yüksək olmağından şikayətlənir. Hətta ötən gün Milli Məclisin deputatı Fəzail Ağamalı da plenar iclasda bildirib ki, Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib: "Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur. Mərkəzi Bankın sədri elan edir ki, Bankın yeni binasının tikintisi üçün elan edilən tenderin nəticəsi məlum olub. Anormal bank sistemimizdə islahatlara ehtiyac var.

Vətəndaş - bank sistemi bataqlıqdadır. “Bank haqqında” qanun yenidən qəbul edilməlidir. Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, illik smetasındakı müstəqilliyinə son qoyulmalıdır. Bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın böyük banklarının Azərbaycana gətirilməsi təmin edilməlidir. İllərdir, buna ciddi şəkildə maneələr törədilir. Sinqapur, Yaponiya nümunəsi göz önündədir”.

Mövzuya münasibət bildirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycana xarici bankların gəlməsinə heç bir məhdudiyyət yoxdur. İqtisadçı qeyd edib ki, hazırda ölkədə Rusiya, Türkiyə, Pakistan, İran, Avropa bankları mövcuddur:

"Amma əsas məsələ budur ki, Azərbaycanda banklar üçün  risklər çoxdur. Ümumiyyətlə, prinsipcə bankir tayfası acgöz tayfadır. Yəni bunun milləti yoxdur. Dünyanın istənilən yerində banklar acgözdülər. İstəyirlər ki, daha çox pul qazansınlar. Amma sual yaranır ki, niyə o ölkələrdə faiz dərəcələri aşağıdır? Çünki o ölkələrdə kredit riskləri aşağıdır. Azərbaycanda banklar kredit verəndə fikirləşir ki, bu kreditlərin hansı hissəsi qayıtmaya bilər. Əgər qayıtmasa, o zaman onların məhkəmələrə, icra məmurlarına rəsmi və qeyri-rəsmi xərcləri nə qədər çıxacaq və s. Banklar hesablayırlar ki, bu məsələ illərlə çəkə bilər. Təbii ki, nəticədə qərarlar da həmişə obyektiv olmur. Cəmiyyətdə elə fikirləşirlər ki, banklar həmişə udur. Amma əslində elə deyil. Bankların da uduzduğu işlər var. Son nəticə həmişə ona bağlanıb ki, hüquq sistemində müəyyən problemlər var. Banklar da təbii ki, bunu yaxşı bilir. Məhz buna görə də, faizləri qaldırırlar". 

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda, ümumiyyətlə, biznes fəaliyyətinin özü də çox risklidir:

"Düzdür, bu gün işini qura bilərsən. Amma sabah kimsə gəldi və səninlə müqavilə bağladı. Nəticədə onu yerinə yetirmədi. Bu işi sən məhkəmədə udsan da belə, xeyli xərcin çıxacaq. Məhz problem də elə burdadır. Bunun da yaxşı olması üçün düzgün qanunlar qəbul etmək lazımdır. Bu da artıq parlamentin səlahiyyətindədir. Adi bir şeyi deyim. İndiyə kimi düz 15 ildir ki, bir dənə rəqabət məcəlləsini qəbul etməyiblər. Yəni onu qanun kimi məhkəmələrin öhdəsinə qoymayıblar. Ümumiyyətlə, məhkəmə qərarlarının axtarış sistemi olmalıdır. Yəni bütün bunlar son nəticədə gətirib ona çıxarır ki, Azərbaycanda faizlər yüksəkdir.  Hazırda Azərbaycanda bir sıra xarici banklar var. Sadəcə xarici banklar da bizim oyun qaydaları ilə oynamağa məcburdular".