Ən azı 1 il sahibkarlar əsassız yoxlanmayacaq


Amma ən yaxşısı o olardı ki, sahibkarlıq subyektlərinin yoxlanılması üçün əsasların nədən ibarət olduğu daha dəqiq verilsin

Prezident İlham Əliyev fərmana əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

Yeni fərman barədə fikirlərini "Şərq"lə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, sahibkarlığa əvvəlki dönəmlərdə də dəstək xarakterli addımlar atılıb. Sadəcə olaraq bu fərmana əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması fəaliyyəti daha bir il uzadılır:

"Bu fəaliyyət dövründə sahibkarlıq subyektlərinin əsassız yoxlamalarını xeyli dərəcədə azaltmaq mümkün olub. Yəni əvvəllər istənilən sahibkarlıq subyektinə, şirkətlərə, özəl sektorun nümayəndələrinə heç bir əsas gətirmədən də dövlət orqanları tərəfindən yoxlamalar təyin etmək mümkün idi. Bu monopoliya elan edildikdən sonra, yəni dondurulduqdan sonra kifayət qədər iş adamları ilə sahibkarların da zamanın lüzumsuz yoxlamalarla alınmasının qarşısı xeyli dərəcədə azalıb. Bu, pandemiyadan əziyyət çəkən ölkə iqtisadiyyatı və sahibkarlıq subyektləri üçün pozitiv qərar idi. İndi bu, bir illik uzadılır. Təbii ki, bunun özü də pozitiv yanaşmadır. Ən azından bir il ərzində də əsassız yoxlamaların olmayacağını, yaxud da ən azından minimuma enəcəyini gözləmək mümkündür". 

N.Cəfərli əlavə edib ki, ola bilər ki, növbəti addım kimi ümumiyyətlə, qanunvericilikdə müəyyən dəyişikliklər də edilsin:

"Yəni sahibkarlıq subyektlərinin yoxlanılması üçün əsasların nədən ibarət olduğu daha dəqiq yazılsın. Düzdür, indi prezidentin fərmanı ilə bu tənzimləndi, yəni uzadıldı. Amma ola bilsin ki, bu gələcəkdə, ümumiyyətlə, qanuna salınacaq. Hesab edirəm ki, qanunvericilik müstəvisində sahibkarların lüzumsuz yoxlamalardan qorunması ilə bağlı bir daha dərin çalışmalara ehtiyac var".