Paşinyan basqılara boyun əymədi

Baş nazir seçkilərə gedir və özünə əmindir

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, dünən “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qagik Tsarukyan ilə görüşüb. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunu erkən parlament seçkilərinin keçirilməsində görüblər.

Məsələni şərh edən politoloq Şahin Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyanın bu addımını doğru hesab edir:

"Bu, doğru qərardır. Paşinyanın siyasi böhranı yaxşı idarə etdiyini düşünürəm. Ter-Petrosyan kimi zəiflik göstərmədi və basqılara boyun əymədi". 

Politoloq qeyd edib ki, təbii ki, dəyişən şərtlərin, nəsil dəyişikliyinin, yeni reallıqların da ciddi rolu var: "Belə görünür ki, erməni xalqının əksəriyyəti artıq qan, gözyaşı istəmir. Və Qarabağ sevdasının onlara yalnız bədbəxtlik gətirdiyini başa düşüb. Müxalifət adına meydana çıxan köhnələr yenə eyni mövqe, eyni şüarlarla xalqı bu çuxurun içində saxlamağa çalışırlar. Hesab edirəm ki, Ermənistanda pis-yaxşı ortaya vizyon qoyan və xalqa normal gələcək vəd edən yeganə lider Nikol Paşinyandır".

Siyasi-şərhçi Elçin Alıoğlu isə baş verənlərin ilk baxışdan absurd qərar olduğunu deyib:

"Erməni müxalifəti zəifdir. Bütün qışqırtılara, "Telegram" kanallarında və "Facebook" səhifələrindəki çağırışlara rəğmən vətəndaşların kütləvi dəstəyinə malik deyil. Yəni indiki məqamda seçkilər keçirmək Paşinyan üçün əlverişlidir. Paşinyan özünə əmindir və  qələbəsinə şübhə etmir. Təbii ki, hər şey 3 aydan sonra bilinəcək".