27 ildir tarixi əsərlər toplayır - FOTOLAR

Böyük İskəndərin zümrüd qaşlı üzüyü də vəkildədir

Türkiyənin TOKAT şəhərinin Erbaa məhəlləsində yaşayan hüquqşünas, 59 yaşlı Necdet Dilekin tarixi əsərlərin kolleksiyasını toplayır.
  "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 ildir tarixi əsərlər toplayan hüquqşünasın kolleksiyasında bir sıra maraqlı tarixi əsərlər yer almaqdadır. Kolleksiyasında olan zümrüd qaşlı qızıl üzük xüsusilə diqqəti cəlb edir. Buna səbəb isə həmin üzüyün Böyük İskəndərə məxsus olmasıdır. Həmçinin Tunc dövrünə aid olan mis qılınc da diqqəti daha çox cəlb edənlər sırasındadır.

30 ildir ki, Erbaada vəkil işləyən 2 uşaq atası Necdet Dilek mətbuata açıqlamasında bildirib ki, o tarixi əsərlərə olan marağını kolleksiyaya çevirib: "1994-cü ildən indiyədək cəmi 302 əsər  toplamışam.

Kolleksiyamın ən qiymətli əsərlərindən biri Makedoniyalı İskəndərin zümrüd daşı ilə işlənmiş qızıl üzüyü və dünyanın ən qədim qılınclarından biri olan Arslantepe tipli mis qılıncdır.

Onları xüsusi qutularda bank kassasında saxlayıram. Sadəcə olaraq işıq altında görülə bilən Makedoniyalı İskəndər portretinin işləndiyi qızıl üzüyün Ellinizm dövrünə aid olduğu təxmin edilir. Hesab edirəm ki, 44.2 santimetr uzunluğunda olan qılınc isə İlk Tunc dövrünə aiddir. Təbii ki, hazırda onun  Malatya Muzeyində 9, Venesiyada isə 1 oxşarı var". 

Bir çox əsərini vəkillik bürosunda nümayiş etdirən Dilek indi kolleksiyasına yalnız nadir əsərlər əlavə etməyi düşünür:

"Biz əsərlərin təsvirində və məlumatların əldə edilməsində çətinlik çəkirik. Üzüyün başqa nümunəsinin olub-olmaması barədə hələlik dəqiq məlumata sahib deyilik.

Bu mis qılınc Tomas Zimmerman tərəfindən 2011-ci ildə dünyanın ən qədim qılınclarından biri hesab olunmuşdur. Amma buna baxmayaraq bu mövzuda hərtərəfli və ciddi bir tədqiqata  ehtiyac var.

Düzdür, bəzi ustalarımız gözəl əsərlər ortaya qoyurlar, amma 2000 ildən çox əvvəl istehsal olunmuş bir əsər yaratmaq hələ də mümkün deyil. O cazibə, o estetik, təəssüf ki, hələ ki, reallaşmayıb. Üzük haqqındakı yeganə məlumat onun Erbaanın Demirtaş kəndində tapılmasıdır.

Əlbəttə ki, ora necə gəldiyini bilmirik. Hesab edirəm ki, bu üzüyün təxminən  5-6 min yaşı var. Belə kolleksiyaları toplamaq çox çətindir. Unikal və lokomotiv parçaları, ümumiyyətlə, kolleksiyalarda görə bilmirik.

Xüsusi, nadir və misilsiz dediyimiz əsərlər, təəssüf ki, muzeylərimizdə və kolleksionerlərimizdə də çox nadirdir".