Qeyri-qanuni kəsim yerlərinin qarşısını almaq mümkün deyil

Alıcıların əksəriyyəti gözlə gördüyü mala üstünlük verir. Nəticədə tələb yaranır

2019-cu illə müqayisədə 2020-ci ildə aşkar olunan qeyri-qanuni heyvan kəsimi hallarının sayı 1,5 dəfə artıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi ilə bağlı icmal materialında məlumat yer alıb. 
2019-cu ildə qeyri-qanuni heyvan kəsimi hallarının sayı 1213, 2020-ci ildə isə 1887 olub. 2020-ci ildə aparılan ümumi yoxlamalar zamanı fəaliyyətində uyğunsuzluq aşkarlanan qida biznesi subyektlərinin sayında azalma olduğuna baxmayaraq, qeyri-qanuni heyvan kəsimi hallarının aşkar olunma sayında artım olması səbəbindən bu meyar üzrə seçilən indikatorun nəticəsi mənfi (-56%) olub.



Məsələ haqqında "Şərq"ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, belə halların qarşısını almaq üçün heyvanların identifikasiyası prosesini həyata keçirmək lazımdır:

"Bu, olduqca mənfi dinamikadır. Həmin məsələ ancaq heyvanların identifikasiyası həyata keçirilən zaman həll yolunu tapa bilər. Artıq bu prosesə başlanılıb. Heyvanların identifikasiyası heyvan dünyaya gələn zaman ona xüsusi kod verilməsi prosesidir.

Bu zaman canlının kəsilənə qədər bütün həyatı izlənilir. İdentifikasiya prosesi uğurlu nəticələnərsə, belə halların da qarşısını almaq yalnız o zaman mümkün ola bilər". 

E.Hüseynov həmçinin qeyd edib ki, alıcıların çoxu öz gözü ilə gördüyü malı almağa üstünlük verir:

"Çox təəssüf ki, bu kimi halların artmasının qarşısını inzibati yollarla almaq mümkün deyil. Bazar iqtisadiyyatı tələb və təklifə əsaslanır. Alıcıların əksəriyyəti gözlə gördüyü mala üstünlük verir. Nəticədə tələb yaranır. Həmçinin AQTA-nın yaratdığı məntəqələrdə heyvanların  kəsimi pulla olduğuna görə qəssabların çoxu qiymətlərə təsir etdiyi üçün bundan qaçır. Ona görə də elə bir iş aparmaq lazımdır ki, istehlakçılar belə malları almaqdan imtina etsin və başqa ölkələrdə olduğu kimi marketə üz tutsunlar".