Görüşdən siyasi mahiyyət axtarmağa ehtiyac yoxdur

"Burada türkdilli dövlətlərin mədəni əməkdaşlığından söhbət gedir"

Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Qazaxıstan Respublikasının ilk Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə bu ilin 31 mart tarixində Türküstan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Məlumatda bildirilir ki, TDƏŞ-ə üzv olan bütün ölkələrin dövlət başçıları və bu təşkilatda müşahidəçilik edən Macarıstanın Baş naziri Viktor Orban sammitdə iştiraklarını təsdiqləyiblər.

Zirvə görüşünün sonunda Türküstan şəhərinin Türk dünyasının mənəvi paytaxtı elan edilməsi ilə bağlı bəyannamənin imzalanması gözlənilir. 

Görüş haqqında "Şərq"lə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu bildirib ki, tədbirin keçirilməsində məqsəd daha çox mədəni-tarixi əlaqələri möhkəmləndirməkdir:

"Bu cür tədbirlər çox keçirilib. Ona görə də həmin görüşdə siyasi mahiyyət axtarmağa ehtiyac yoxdur. Burada türkdilli dövlətlərin mədəni əməkdaşlığından söhbət gedir.

Əlbəttə, bu ölkələr arasında müəyyən mənada iqtisadi və siyasi əməkdaşlıqlar mövcuddur. Keçiriləcək görüşdə eyni mədəniyyətə və tarixə mənsub olan ölkələrin daha çox mədəniyyət sahəsində olan əməkdaşlığı hədəflənir. Bəzi ölkələr bu görüşü Böyük Turan dövlətinin yaranması ideyası ilə əlaqələndirir.

Əslində isə Zirvə görüşünə Turan ideyasını reallaşdırmaq kimi baxmaq düzgün deyil. Çünki görüşün keçirilməsində məqsəd mədəni birlikdir, mədəni baxımdan inteqrasiyanın gələcək dövrlərdə də davam etdirilməsidir.

Ona görə də bu görüşün böyük bir siyasi məqsəd daşımasına söz ola bilməz. Tədbirdə mədəni-tarixi əlaqələri möhkəmləndirmək əsas ideyadır".