Sünnət olunan 1 aylıq uşaq qanaxmadan öldü


"Çox güman ki, sünnət edən şəxs tibb işçisi olmayıb, ya da məsuliyyətsiz davranıb"

Sabirabad şəhərində bir aylıq Necati Əmrə sünnət edilərkən güclü qanaxma baş verib. Qanaxmanın qarşısını almaq mümkün olmadığından körpə vəfat edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Bədbəxt hadisə ilə bağlı həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq"ə fikirlərini bildirərkən qeyd edib ki, belə hallar cahilliyin nəticəsində baş verir:

"Bizim insanlar köhnə adət-ənənəyə uyğun olaraq hərəkət etdiyi üçün belə hadisələr baş verir. Amma unutmaq olmaz ki, hazırda XXI əsrdə yaşayırıq və keçmişdə yol verilən səhvləri təkrarlamaq olmaz.

Bu hadisə də savadsızlıq ucbatından baş verib.

Keçən əsrin 50-60-cı illərində də evdə dəlləklik edən kənd bərbərləri uşaqları kor-təbii sünnət edir və bu kimi ehtimalların olmasını gözdən qaçırırdılar. Lakin müasir tibdə uşaqların sünnət əməliyyatından öncə onlar bu prosesə hazırlanır, tibbi nöqteyi-nəzərdən yoxlanılırlar.

Bundan sonra həmin əməliyyatı reallaşdırmaq mümkün olur. Çox güman ki, sünnət edən şəxs tibb işçisi olmayıb, ya da məsuliyyətsiz davranıb".