Alverçilər "at oynadır": "Ölkəni texniki sort Pakistan, İran kartofu bürüyüb"


Yerli məhsullar ucuzlaşmalı idi, amma əksi baş verir, səbəb dərindədir


Azərbaycanın istehlak bazarında qiymət artımı davam etməkdədir. Ərzaq və digər mallarda açıq-aşkar müşahidə olunan bahalaşma və inflyasiya ilə bağlı əhalinin narahatlığı həm deputatlar, həm də ekspertlər tərəfindən gündəmə gətirilir. Hətta ötən gün Milli Məclisin iclasında süni bahalaşma problemi Baş nazir Əli Əsədovun da diqqətinə çatdırılıb.

Baş nazir bildirib ki, hökumət məsələni daim diqqətdə saxlayır. Dünən isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri istehsalçılar, idxalçılar və market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib. Sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi və müştəri məmnuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib. Əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılmasının yolverilməz olduğu vurğulanıb. Qeyd edək ki, bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında gündəlik monitorinq aparılır. 

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə vurğulayıb ki, müşahidə olunan bahalaşma süni yox, təbiidir. Ekspertin sözlərinə görə, enerji daşıyıcıları və suyun qiymətinin bahalaşmasından sonra digər məhsulların da bahalaşması gözlənilən idi:

“Məhsulların istehsal və maya dəyəri artıb. Lakin bəzi ərzaq məhsullarında ucuzlaşma da müşahidə olunur. Məsələn, kərə və zeytun yağlarında və ətdə 1 manat, makaron və düyüdə, paxlalı məhsullarda isə 10 faiz ucuzlaşma var. Bayramqabağı olmasına baxmayaraq, qoz-fındıq da ucuzdur. Amma kələm, kök, balqabaq kimi məhsullarda ikiqat bahalaşma var.

Maraqlıdır ki, ucuzlaşan və ya bahalaşmayan məhsullar əsasən xaricdən idxal olunan məhsullardır. Lakin yerli istehsal meyvə-tərəvəz bahadır. 2 manatdan aşağı meyvə, 1 manatdan aşağı tərəvəz yoxdur. Həmçinin “Azərsun”un məhsullarında bahalaşma var. Doğrusu, yerli məhsulların bahalaşmasının, idxal məhsulların ucuzlaşmasının səbəbini hələ də tam aydınlaşdıra bilməmişəm, bu aşkar paradoksdur. Güman edirəm, bizimlə qonşu ölkələrin hamısında milli valyutaların ucuzlaşması, manatın isə sabit qalmasının buna təsiri var. Həmin məhsullar bizim idxalçılar tərəfindən o ölkələrdə əvvəlkindən daha ucuz alınır. Buna baxmayaraq, yerli istehsal məhsulları heç bir halda xarici məhsullardan baha ola bilməz. Çünki nə qədər ucuz alınsa da, idxal məhsulların dəyərinə gömrük rüsumları, vergi ödənişləri, nəqliyyat xərcləri və s. əlavə olunur. Kiçik fermerlərin isə belə ödənişləri yoxdur. Üstəlik, pandemiya ilə bağlı ölkədən məhsul ixracı da azalıb. Bu halda yerli məhsullar ucuzlaşmalı idi. Görünür, bu il daha az adam məhsul əkib-becərib. Başqa səbəb tapa bilmirəm”. 

E.Bayramlı bildirib ki, yerli kartof tapılmır, olanda da kilosu 2,5 manatdan az olmur:

“Bütün ölkəni texniki sort Pakistan və İran kartofu bürüyüb. Bu “GMO”-lu məhsulların kilosu isə 1 manatdan aşağı deyil. Soğan da bahadır, 70 qəpikdən aşağı düşmür. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda məhsullar bazar və mağazalardan o qədər də ucuz deyil, demək olar eynidir. Maraqlıdır ki, yerli meyvə-tərəvəz sahələrdə çox ucuz alınır, amma paytaxtda 3 qat baha satılır.

Nəticədə istehsalçı və istehlakçı uduzur, qazanan isə yalnız dəllallardır. Uzun illərdir, təklif edirəm ki, ölkədə məhsul bolluğu və ucuzluq yaratmaq üçün sadə yol var. Nazirlik daimi yarmarkalar təşkil etməli və məhsul istehsal edən kəndliləri ora maneəsiz və pulsuz buraxmalıdır. Hazırda bazarlarda alverçilər at oynadır, elə yarmarkalarda da az deyillər. Bu məsələ həll olunsa, qısa müddətdə bolluq və ucuzluq yaranacaq. Məhsulunu rahat və normal qiymətə sata bilən kəndli daha çox əkib-becərəcək”.