Liderlərin söz dueli təsirsiz qalmayacaq


ABŞ və Rusiya qarşıdurması yeni mərhələyə qədəm qoyur

"Azərbaycan iki böyük ölkənin mübarizəsində tərəf olmamalı, Ankara ilə birgə hərəkət etməlidir"

ABŞ Prezidenti Co Baydenin Rusiya rəhbəri Vladimir Putini qatil adlandırması və Kremli prezident seçkisinə müdaxilədə ittiham etməsi, Moskva-Vaşinqton münasibətlərinin gərginləşməsinə səbəb olub. Bundan sonra Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Ağ Evin mətbuat katibi Jen Psaki bildirib ki, Bayden əvvəllər də Rusiya rəhbərliyi ilə birbaşa təmaslarda, ya da ictimaiyyət qarşısındakı çıxışlarında mövqeyini qəti şəkildə ifadə edib, geri çəkilməyəcəyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Bayden əvvəlcə ölkəsində baş verənləri izah etməli və yalnız bundan sonra Rusiya ilə bağlı açıqlamalar verməlidir: “Amerikalı həmkarlarımızın ölkələrində baş verənlərlə bağlı suallara cavab verməkdən imtina etdiklərini bilirik. Prinsipcə, cavabları yoxdur. Bu onlar üçün bir sualdır, orada nə baş verir? Rusiya belə qənaətə gəlib ki, ABŞ lideri Moskva ilə münasibətləri normallaşdırmaq istəmir”. 

Rusiya Prezidenti Vladimir Putin də Co Baydenin ittihamını cavabsız qoymayıb: “Mən ona “sağlam ol” deyərdim. Başqa insanları və ölkələri dəyərləndirməzdən əvvəl güzgüyə baxmaq lazımdır. Adımı sənə qoyum, səni yana-yana qoyum”. 

Cənubi Qafqaz Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə “Şərq”ə deyib ki, ABŞ və Rusiya arasında soyuq müharibənin yeni mərhələsinə başlanıb. Siyasi şərhçinin sözlərinə görə, Baydenin Putini “qatil” adlandırması Vaşinqtonun Moskvaya qarşı Yaxın Şərqdə, Şərqi Avropada və Cənubi Qafqazda təzyiqlərinə gətirib çıxaracaq:

“Bundan əlavə yeni sanksiyalar və Putinin ətrafına “Maqnisti aktı”nın tətbiq edilməsi ilə nəticələnəcək. Rusiya daxilində demokratik prosesə dəstək veriləcək. Bir sözlə, Rusiyanı çətin dönəm gözləyir.

Vaşinqtonun bu siyasətinə NATO, Avropa İttifaqı və Böyük Britaniya da dəstək verəcək. Londonun xarici strategiyasında Moskvanı “düşmən” elan etməsi təsadüfi deyil.

Moskvaya iqtisadi sanksiyalarla yanaşı, Suriyada Əsəd qüvvələrinə zərbələr endirilməsi də istisna edilmir. İki nəhəng ölkənin yeni siyasi-iqtisadi və hərbi müstəvidə mübarizəsi ABŞ-ın beynəlxalq mövqeyini gücləndirəcək və bir qütblü dünya sistemi planını reallaşdıracaq”. 

Politoloqa görə, Moskvaya qarşı təzyiqlər Putinin reytinqinə mənfi təsir edəcək:

“Bu, Rusiya siyasi elitasında parçalanmaya gətirib çıxara bilər. İki ölkənin mübarizəsi Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyəcək. Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsi, daxili siyasi problemlərə yuvarlanması regionda Türkiyə və Azərbaycanın mövqeyini gücləndirəcək.

Nəticədə Ankara və Bakı Moskvadan 5 ildən sonra sülhməramlılarını çıxarmağı tələb edəcək. ABŞ Rusiyanın Cənubi Qafqazda, həmçinin, Qarabağda “sülhməramlı” fəaliyyətinə son verilməsində maraqlıdır.

İstənilən halda Azərbaycan iki böyük ölkənin mübarizəsində tərəf olmamalı, Ankara ilə birgə hərəkət etməlidir”.