Hamının taksiyə imkanı çatmır


Vəziyyəti bu həddə gətirib çıxarmaq lazım deyildi

Sumqayıt əhalisinin 60 faizi Bakıda işləyir, necə gedib-gəlsin işə?


Paytaxt sakinlərinin nə “qara” şənbə-bazar, nə də ictimai nəqliyyat çiləsi bitir. 
Bir ildir ki, avtobusla hərəkətə məhkum insanlar istər ekspress, istərsə də əlavə xətt avtobuslarında zillət çəkir. Bakı Nəqliyyat Agentliyi bu 1 ildə problemi həll edə bilmədi, bundan sonra da nəsə gözləmək artıq yersizdir. Ümid qalıb koronavirusun öz xoşuyla çıxıb getməsinə. Və bir də, qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara.

Qəribə görünən budur ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov şəhərdə həftəsonları qanunsuz işləyən mikroavtobusların peyda olmasından danışıb və insanları diqqətli olmağa çağırıb. V.Əsədov deyib ki, bu cür hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib. Onun sözlərinə görə, "20 Yanvar" dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür: “Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram”.

Qəribəlik bundadır ki, V.Əsədovun haqqında danışdığı mikroavtobuslar təkcə şənbə-bazar günləri sərnişindaşıma ilə məşğul olmur. Həftəarası günlərdə də fəaliyyət göstərirlər.

Bu mikroavtobuslarla “M1”lər və “M1-a”lar arasında yolun ortasında sərnişin üstündə dava da gedir. Mikroavtobus sürücüsü çevik davranıb “ekspress” avtobusu qabaqlayır, “20 Yanvar”a 1 manatdan sərnişin haraylayır. Basabasdan bezmiş sərnişinlər də könüllü şəkildə mikroavtobusa minirlər. Bunu görən “M1”, “M1-a” sürücüləri də mikroavtobus sürücüsünün 7 arxdan dönəninə söyür; “niyə çörəyimizə bais olursan?!”, deyə. Paytaxt yollarında vəziyyət budur. Amma belə vəziyyətin yaranmasının günahı kimlərdə və hansı qurumlardadı? Özlərini sığortalamaq üçün pandemiyanı, virusu bəhanə etməsinlər. Bir ildir şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Guya ki, 2 gündə ictimai nəqliyyatdan o qədər sərnişin istifadə edəcək ki, yoluxma sayı artacaq? Bəs həftəarası günlərdə əhalinin işləyən kəsimi səhər işə gedib axşam qayıtmaq üçün ağzınadək dolu, sərnişin sıxlığından qapısı güclə bağlanan avtobuslara axın edib hətta avtobusun pilləkənində getməyə belə razı olanda yoluxma baş vermir? Bu sual uzun müddətdir ki, açıq qalır və ona cavab verən yoxdur: şənbə-bazar günləri təkcə ictimai nəqliyyatın qapadılmasının hansı üstünlükləri var? Təəssüf ki, bu suala nə TƏBİB, nə də Operativ Qərargah məntiqli bir cavab tapa bilmir. Şənbə-bazar günləri ictimai iaşə obyektləri, xidmət sektoru, əməyin bütün sahələrində iş günüdürsə, bəs bu işçilər iş yerinə necə, hansı nəqliyyatla getməlidir? “Müəssisə, şirkət işçisini nəqliyyatla təmin etməlidir”, yaxa qurtaran cavabdır. Belə müəssisələr, şirkətlər tək-tükdür. Əksəriyyət müdirlər “gələ bilirsən, gələ bilmirsən, “xoş getdin”, deyir. İnsan da məcburdur 1 parça çörək üçün müdiriyyətin çaldığı havaya “oynasın”. İnsanları bu qədər əzaba salmaq sadəcə, ayıbdır. 



Nəqliyyat məsələləri üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında vəziyyətin bu həddə gəlib çatmasında konkret cavabdeh qurumlar olduğunu dedi: 

- Qanunsuz sərnişindaşımaya haqq qazandırmıram. Amma vəziyyəti bu həddə gətirib çıxarmaq lazım deyildi. İnsanlar məcburdur hansısa formada işə getsinlər. Həftə sonları heç də hamı üçün istirahət günləri deyil.

Tikintidə çalışan fəhləsindən tutmuş, təndirə çörək yapan analarımız da daxil, polis əməkdaşları, tibb işçiləri, tibbi personal, iaşə obyektlərində çalışanlar, fərdi əməklə məşğul olanlar, ümumiyyətlə, vətəndaşlarımızın böyük bir hissəsi şənbə-bazar günləri işə getmək, işləmək məcburiyyətindədir. İctimai nəqliyyat da yoxdur. Bəs insanlar nə etsin? Belə vəziyyətdə əlbəttə, qanunsuz fəaliyyət göstərən mikroavtobuslar peyda olacaq.

Bunu gözləmək lazım idi. Heç nə səbəbsiz deyil. Hamının taksi sifariş etməyə maddi imkanı çatmır. Ümumiyyətlə, şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyindən, taksilərə tələbat artır deyə, taksi şirkətləri də sifarişləri yerinə yetirə bilmir.

Nəinki şənbə-bazar günləri, hətta həftəarası günlərdə də taksi tapmaq problemdir, taksilər qiymətləri də qaldırırlar. SMS icazə ləğv edilir və bütün iş yerləri açılırsa, metronun israrla qapalı saxlanması, üstəlik şənbə-bazar günləri də ictimai nəqliyyatın qapadılması nəqliyyatda xaos vəziyyəti yaradır. Sumqayıt əhalisinin 60 faizi Bakıda işləyir. Nəylə, necə gedib-gəlsin işə? Sərt karantin tətbiq edilsə, iş yerləri bağlansa, razıyam, qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cərimələnsin.

Amma bir halda ki, bütün iş yerləri açılıb, sərbəst hərəkət icazəsi  var, insanları da başa düşmək lazımdır. İnsanlar işə getməlidir, bunun üçün hər vasitədən istifadə etmək məcburiyyətindədirlər. Mikroavtobuslar taksilərə nisbətən daha əlverişlidir. Sərnişinlər sıra ilə əyləşə bilir. Taksilərdə isə arxa oturacaqda 3 nəfər biri-birinə yapışır. Nədən də narazılıq edilirsə, narazılığı yaradan məsələnin kökünə baxılmalıdır. Mikroavtobuslar sərnişindaşımadakı mövcud problemə görə dövriyyəyə daxil olub. 

E.Muradlı mikroavtobus sürücülərinin probleminə də toxundu: 

- “Sprinter” mikroavtobuslarını sürücülər bankdan 50-80 min manat kredit götürüb alıb. Bir ildir bu sürücülər işsizdir. Onlar aldıqları krediti ödəməlidirlər. Neyləsinlər? Onlar da işləməlidir. Onlara heç bir kompensasiya ödənmir. Faizin günü yetişdi, ödəməlidir. Məcbur qalıb qanunsuz sərnişindaşımaya qoşulurlar.

Cəmiyyətə hesablanan qərarlar qəbul edilərkən cəmiyyətin tələbləri nəzərə alınmalıdır. Mühafizəçi ilə, şəxsi avtomobili, yaxud dövlət avtomobili ilə gəzən, evinin bazarlığını da mühafizəçisi edən adamlar cəmiyyətə yönəlik qərarlar verəndə belə bərbad vəziyyət, əlbəttə yaranacaq. Çünki insanların hansı problemlərlə üz-üzə qaldığını bilmirlər.

Operativ Qərargah bunları nəzərə almalıdır. Cəmiyyətə yönəlik qərarları cəmiyyətdə təmsil olunanlar verməlidir, fərdi qərarları ümumi yanaşmalara şamil etmək olmaz.