"Nizami" filmi çox sönükdür

"Dramaturgiya yoxdur filmdə. İnsan taleləri yoxdur"

Nəriman Əbdürrəhmanlı: “Nizami ili” elan edilib deyə, tələm-tələsik film çəkmək, lazım olan nəticəni verməz"


Millət vəkili Qənirə Paşayeva dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında film çəkilməsini təklif edib. Milli Məclisin toplantısında çıxış edən xanım millət vəkili bildirib ki, bu gün ölkəmizdə və dünyada Nizami irsinin daha geniş təbliği baxımından yeni filmin çəkilməsinə ehtiyac var: “Nizami ili çərçivəsində bu filmin çəkilişlərinin başlanması məsələsinin hökumətin diqqətində olmasını xahiş edirik”.

Məlumdur ki, 1982-ci ildə “Nizami” filmi çəkilib. O zaman çəkilən filmin rejissoru Xalq artisti Eldar Quliyev, senari müəllifi isə Xalq yazıçısı İsa Muğanna idi. Görkəmli şəxsiyyətlərin səyinə baxmayaraq filmin uğurlu alındığını söyləmək çətindir. Təbii ki, dövrün tələbləri baxımından ortaya Nizami dühasına uyğun film qoymaq çox çətin idi.

Bəlkə ikinci cəhddə əvvəlki səhvləri düzəltmək mümkün olar” - deyə, ikinci bir film ideyası ortaya atılır? Bəlkə də. Amma bir həqiqəti görməzdən gəlməyək; ümumiyyətlə, Azərbaycanda tarixi film janrları uğursuz alınır. Misal, “Cavad xan” filmi. Bir az keçmişə qayıtsaq, hətta Azərbaycan xalqı tərəfindən sevilən, beynəlxalq mükafatlara layiq görülmüş və dahi sənətkar Həsən Seyidbəylinin quruluşçu rejissor olduğu və yenə də İsa Muğanna qələmindən çıxan senari üzərində 1973-cü ildə çəkilmiş “Nəsimi” filmində də dahi sufi şairi az qala ateist kimi görünür.

“Nizami”dənsə danışmağa dəyməz. “Nizami” filmindəki Nizami sanki bolşevik inqilabçısıdır (əlbəttə, bu subyektiv fikirdir – M.R.). Səbəblər məlumdur. Sovet dövrü idi. Görkəmli şəxsiyyətlərin təqdimatında həqiqətdən yayınmalarsız keçinmək mümkün olmurdu. Moskva “xeyir-dua” verməli idi filmlərin çəkilişinə. Onlar da hər detalı incələyirdi, özlərinə sərf etməyənə icazə vermirdilər. İndi Azərbaycan müstəqil və qüdrətli dövlətdir. Film çəkmək üçün də kimdənsə icazə almağına gərək qalmayıb. İndi necə, Nizamiyə layiq film çəkmək mümkün olacaqmı? 


Yazıçı-publisist, senarist, bu yaxınlarda işıq üzü görmüş “Azərbaycan kino sənəti tarixi” 4 cildliyinin müəllifi Nəriman Əbdürrəhmanlı “Şərq”ə açıqlamasında bildirdi ki, Nizami Gəncəvi tədbirlər çərçivəsinə sığacaq dahi deyil: 

- Nizamini tədbirlər çərçivəsindən çıxarmaq lazımdır. “Nizami ili” elan edilib deyə, tələm-tələsik film çəkmək, lazım olan nəticəni verməz. Nizami haqqında bir neçə sənədli film çəkilib. Bilirsiz ki, 1940-cı ildə Nizaminin 800 illiyi ilə bağlı bədii film layihəsi vardı, lakin Böyük Vətən müharibəsi buna mane oldu. Sonra yubiley də keçirildi, əsərləri də nəşr olundu və sair.

Və 1982-ci ildə bizim görkəmli rejissorumuz Eldar Quliyev “Nizami” filmini çəkdi. Bəlkə də bilirsiniz, eşitmisiniz, bu filmi mərhum Həsən Seyidbəyli çəkməliydi. Eləcə də “Babək” filmini. Lakin dövrün ab-havasından asılı olaraq hər iki film Eldar Quliyevə qismət oldu.

Eldar Quliyev böyük sənətkardır. Amma Nizami haqqında film çəkmək asan deyil. Çətin işdir. Bədii əsərin əsasında konflikt dayanmalıdır. Konflikt yoxdursa, əsər zəif alınacaq. “Nizami” filminin əsasında konflikt dayanmadığından film düzxətli alınıb, ona görə də zəifdir. Dramaturgiya yoxdur filmdə. İnsan taleləri yoxdur.

“Nəsimi” filmi niyə baxımlıdır, sevilir, çünki Nəsiminin həyatı başdan-başa dramdır, faciədir. Nizaminin həyatı barədə isə çox az məlumata malikik. Nizaminin həyatı faciəli olmayıb. Nizami dühadır, filosofdur. Dünya poeziyasında sönməyən bir günəşdir. Amma nə var o filmdə - Qızıl Arslanla Nizaminin söhbəti, bir az Xaqani Şirvaninin dövrdən, saraydan narazılığı… “Xəmsə”dən istifadə edilib. Amma milli ornamentlər üstünlük təşkil edir. Nizaminin portreti isə çox sönükdür. 

Aktyor seçimi də uğursuzdur. Bəli, “Nəsimi”də  dövrün möhürü var. Lakin Nəsiminin portreti də var, həm də çox mükəmməl. Şəxsin faciəsi görünür filmdə. Nizami haqqında film o zaman layiqli alınar ki, mükəmməl bir layihə olsun. Mükəmməl senari yazılmalıdır. Vacib deyil ki, mütləq bədii film çəkilsin.

Dünya kinosunda belə təcrübələr var, məsələn, hansısa dahi yazıçının, şairin əsərindən bir obrazı, əsərdən müəyyən bir hissəni ekranlaşdırırlar. Nizami haqqında da tamam başqa səpkili əsər ortaya qoyulmalıdır. “Xəmsə” obrazlarından ibarət hətta serial da çəkmək olar. Cizgi filmi də. Niyə yalnız bədii film üzərində dayanırıq? Əsas məqsəd Nizami ideyalarını çatdırmaqdırsa, bunun bir çox yolları, üsulları, metodları var.

Mən düşünmürəm  ki, Nizami haqqında ikinci film əvvəlkindən daha yaxşı olacaq. Bayaq dedim, Nizaminin həyatı haqqında çox az bilgi var, bildiyimiz məlum tarixi faktlardır. Məlum faktları yenidən ekranlaşdırmaqla təkrarçılıqdan qaçmaq mümkün olmayacaq.

Tələm-tələsikdə film çəkmək bizə istədiyimiz, lazım olan nəticəni verməyəcək. “Nizami ili” ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamdan 3 ay keçir artıq. Sərəncamı hazırlayanlar, sərəncamdakı tapşırıqları yerinə yetirməli olanlar bunu nəzərə alsınlar. Qısa zaman ərzində böyük iş görmək çətindir.  Çünki vaxt azdır. Yüksək səviyyəli film uzunmüddətli hazırlıq tələb edir. Senari müsabiqəsi elan edilsin, komissiya formalaşsın. Təqdim olunan senarilər araşdırılsın, mütəxəssislər rəy versin. Belə olarsa, bəli, istənilən nəticəni əldə edərik. Yoxsa, tələm-tələsik film çəkilsə, heç bir effekt ala bilməyəcəyik.