“Həyat yoldaşın pulu ödəyib, qızım” - FOTO

Şəhid xanımının statusu hamını kövrəltdi

Şəhid Fariz Həsənovun xanımı Əzizə Həsənova feysbukda yazdığı statusla hər kəsi kövrəldib. 
“Sherg.az” xəbər verir ki, igidimizin ömür-gün yoldaşı paylaşımda bunları qeyd edib: “Farizimin yeri hər məqamda qəlbimi sarsa-sarsa görünür. Bu gün evdə görüləsi işlər var idi. Lazımi avadanlığı almaq üçün xırdavat mağazasına getdim. Axı ora ən çox kişilər üz tutur. Qadınlar isə iki halda: ya həyat yoldaşı ilə nə isə seçmək üçün, ya da mənim kimi çarəsiz qalanda, evin kişisi də, xanımı da mənəm deyib, məcburi gedirlər. Nə isə... Dükana getdim, içəridə bir yaşlı qadın var idi. Həyat yoldaşı ilə işıqlara baxırdılar. Qalanları kişilər idi. Hərə bir usta ilə gəlib, lazımi əşyaları alırlar.

Satıcı da 60 yaşlarında ağsaqqal  bir dayı idi, yanında köməkçisi vardı. Növbə mənə çatdı, “qızım, nə lazımdır? deyə soruşdu. Dedim ki, dayı, evdə iş görmək üçün bəzi alətlər - çəkic, silikon, kley tapançası və sair lazımdır.

Dayı onları hazırladıqca, üzümə məyus formada baxırdı. Sonda borcumun nə qədər olduğunu soruşdum. Amma qayıtdı ki, bir sual verim:

“O alətlər sənə nə üçün lazımdır? Yəqin həyat yoldaşın evdə iş görür. Aldıqlarında bir səhv olmasın deyə soruşuram. Zəng vur, mismarın ölçüsünü dəqiqləşdir.

Mən də bilim sənə dəqiq hansı alətlər lazımdır” deyərək məni dünyada olmayan yoldaşımla əlaqə saxlamağa vadar edirdi. Necə deyim ki, ağsaqqal, Farizim dünyada yoxdur, evin kişisi də, qadını da özüməm, yoxsa nə gəzirdim burda? Həqiqəti deməyə qürurum imkan vermədi. Telefonumu guya zəng edirmiş kimi qulağıma tutdum. Yaxşı ki, mismarın ölçüsünü yadıma sala bildim. Demə,  dayı hiss edib, tanıyıb məni.

Lakin büruzə verməyib. Xülasə, Farizimlə yalançı danışığımı bitirdim, dedim, dayı 50-lik mismar lazımdır, kley də divar kağızı yapışdırmaq üçün. O, anladığını işarə edib, lazım olanları gətirdi. Çıxanda gördüm ağsaqqal, bir telefonuna baxır, bir mənə. Səsləndi ki, bala, bir dəqiqə gözlə. Özünü pis hiss etdiyini başa düşdüm. “Yaxşısız dayı” deyə sual verdim.

Söylədi ki, narahat olma, qızım, yaxşıyam. Birdən kassadan ödədiyim pulu götürüb, geri qaytardı. Soruşdum ki, bu nə deməkdir? Fikirləşirdim ki, yəqin kimsəsiz olduğumu düşünüb.

Pulu verdim ki, çox sağ olun, özüm ölməmişəm ki, kimsə ödəsin. Ağsaqqal pul alıb, bir söz demədi. Üzümə baxmaq istəmirdi. Mən də qəhərləndim ki, Allah, kimsəsizliyim bu qədərmi bəlli olur?

Dayı dilləndi: “Səni tanıyıram, qızım. Efirdə görmüşəm. Bayaq telefonu götürüb, bir də baxıb, dəqiqləşdirdim. Həmin qız imişsən, şəhid Farizin həyat yoldaşı. Təkliyini hiss etdirmək istəmədin. Sənə sözüm yoxdur”.  Sonra başını aşağı saldı. Bu sözlər mənə bir ox kimi dəydi, çox pis oldum. Ağlamayacam dedim. Nə fayda? Gördüm ki, göz yaşlarım hicabımı isladıb.

Üzümü çevirib, gözlərimi sildim. Sağollaşıb, mağazadan çıxdım. Evə gəldim, bir xeyli ağladım. Çöldə ürəyimi boşalda bilmədiyim üçün sirdaşım divarlardır. Dərdimi, onlara danışıb ağlayıram. Sonra paketi açdım ki, işə başlayım. Gördüklərim məni yenidən yıxdı. Ödədiyim pul və “həyat yoldaşın pulu ödəyib, qızım” yazılan kağız”.