Şəhidin atası: “Yarasını sarıyıb, yenidən döyüşə atılıb”

Bəzi ekpertlərin fikrincə, yaxın gələcəkdə hərbi əməliyyatlar bərpa oluna bilər. Maraqlıdır, ermənilər hansı ordu ilə müharibəyə girəcəklər? Axı bizim bir ölən, yüz doğulan igidlərimiz 44 günlük döyüşlərdə Ermənistanın silahlı qüvvələrini məhv etdilər. Beləliklə, həm də ərazi bütövlüyümüzü təmin edib adlarını tarixə yazdılar. Həmin cəsur oğullardan biri də 1999-cu il təvəllüdlü Tərlan Quliyevdir. 

Tərlan 2006-cı ildə kənd orta məktəbinə daxil olub və 2017-ci ildə oranı bitirib. 2018-ci ildə N saylı hərbi hissədə vətən borcunu yerinə yetirib. Ardınca Xüsusi Təyinatlı Qoşunların altı aylıq müvafiq kursunda iştirak etdikdən sonra Bakıda gizir rütbəsində müddətdən artıq hərbi xidmətə başlayıb.

Və atası Mayılxan bəyin “Sherg.az”a dediyi kimi, bu yol onu ən yüksək zirvəyə aparıb: 

“Oğlum ilk günlərdən etibarən Qarabağ müharibəsində iştirak etdi. Füzuli, Murov, Kəlbəcər, Hadrut, Xocavənd uğrunda döyüşüb. Sonuncu dəfə oktyabrın 14-də danışmışdıq.

Dedi ki, hər şey yaxşıdır, məndən narahat olmayın. Bizlə danışandan sonra yoldaşlarından biri şəhid olub və neytral ərazidə qalıb. Tərlan onu çıxaranda yaralanıb.

Lakin bu barədə bizə bircə kəlmə demədən yarasını sarıyıb, yenidən döyüşlərə atılıb. Oğlum Oktyabrın 16-da Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin!”.