Sərt açıqlama:“Rusiya qarşısında məsələ qaldırmalıyıq”- Minalı ərazilər...

“Problemi özümüz həll etməliyik”

“Ən azından ona görə ki, indiki erməni zabit heyətinin hər biri Rusiya hərb məktəblərinin məzunlarıdır”

“Onlar gözəl bilirlər ki, minalanmış ərazilərin xəritəsinin olmaması qeyri-mümkündür”


 “Minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim olunmaması ermənilərin əsl simasının, hansı qeyri-insani dəyərlərin daşıyıcısı olduqlarının göstəricisidir”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, belə bir xəritənin guya ermənilərdə olmaması ilə bağlı verilən “izahat” həqiqəti əks etdirmir: 



“Hərb qanunlarına görə minalanmış ərazilərin xəritəsi mütləq tərtib olunmalıdır. 
Minalamış ərazinin xəritəsinin tərtib olunmaması özü bir cinayətdir. Məsələ ondadır ki, biabırçı məğlubiyyətdən sonra Ermənistan dövləti kəskin böhran içindədir.

 Ölkədə konstitusiya böhranı yaşayır. Siyasi qüvvələr arasında parçalanmalar hökm sürür. 

Hətta hakim partiyanın daxilində belə bir-birini qəbul etməyən, müxtəlif xarici qüvvələrin təsiri altında olan şəxslər fəaliyyətdədir. Onların bir çoxunu erməni xalqının gələcəyi, dinc şəraitdə yaşaması yox, şəxsi ambisiyaları maraqlandırır.

Buna görə də gah xəritə, gah da kommunikasiya məsələlərindən siyasi alver məqsədilə istifadə edirlər. 

Heç vaxt olmayacaq “status” söhbətini açır, müharibə qurtardıqdan sonra Qarabağa göndərilimiş terrorçuların azad olunmasını gündəmə daşıyırlar”. 

N.Məhəməliyev vurğulayıb ki, ATƏT və digər beynəlxalq təşkilatların məsələyə soyuq münasibətində təəccüblü heç nə yoxdur: 

“30 il ərzində status-kvonu saxlamaqla, heç bir ciddi nailiyyət əldə etməyən təşkilatdan konkret addım atmasını gözləmək, sadəcə sadəlövhlükdür. 44 günlük müharibədə olduğu kimi minalanmış ərazilərlə bağlı problemi də özümüz həll etməliyik.

Rusiyanın qarşısında məsələni qaldırmaq və tələb etmək lazımdır.

Ən azından ona görə ki, indiki erməni zabit heyətinin hər biri Rusiya hərb məktəblərinin məzunlarıdır. Onlar gözəl bilirlər ki, minalanmış ərazilərin xəritəsinin olmaması qeyri-mümkündür”.