““Baydenli illər”də Rusiya ilə dialoq mümkün olmayacaq- Təlatüm!

ABŞ-la Rusiya arasında gərginlik artmaqdadır. Belə ki, Putin rusiyalı həmkarını “qatil “ adlandırdıqdan sonra şimal qonşumuz həmin ölkədəki səfirini geri çağırdı. Bununla kifayətlənməyən Putin ABŞ-ın yeni iqtidarına sözlə də cavab verdi: ““Mən ona “sağlam ol” deyərdim. Başqa insanları və ölkələri dəyərləndirməzdən əvvəl güzgüyə baxmaq lazımdır”.  


Nəzərə almaq lazımdır ki, Bayden hələ cəmi bir neçə aydır ki, hakimiyyətdədir. Qarşıda isə “Baydenli illər” var. İndiki vəziyyəti nəzərə alsaq, yaxın illərin Rusiya üçün yaxşı nəsə vəd etmədiyini söyləyə bilərik.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Vaşinqton-Moskva münasibətlərini “Sherg.az”a təhlil etdi. O, tərəflər arasındakı gərginliyin artacağını düşünür: 

“Münasibətlər onsuz da yaxşı deyildi. Baydenin son açıqlaması isə vəziyyəti bir az da kritikləşdirdi. Qlobal gərginlik ola bilər. Çünki ABŞ müttəfiqlərinin Rusiyaya qarşı adekvat addım atmasına çalışacaq. Kreml də öz növbəsində təsiri altındakı dövlətlərə həssas yanaşacaq.

Məsələn, Ermənistan baş nazirinin bu günlərdə ABŞ dövlət katibi ilə telefon danışığı Moskvada ciddi şübhələr, suallar yaradır.

İki lider arasında diplomatik gərginlik qalacaq. Əsas məsələ münasibətlərin hərbi sferaya keçməməsidir. Çünki bu zaman böyük təlatümlər yaşanacaq. Hər iki tərəf hərbi toqquşmadan qaçmalıdır. Amma dediyim kimi, nə qədər ki, Bayden Ağ evdədir Rusiya ilə dialoq mümkün olmayacaq”.

E.Şahinoğlunun fikrincə, mövcud imkanlar etibarı ilə ABŞ heç də rəqibindən zəif deyil: 

“Hətta Türkiyə- Rusiya müttəfiqliyi fonunda belə, ABŞ-ın təklənəcəyini düşünmürəm.

Çünki bu dövlətin müttəfiqləri kifayət qədərdir.

ABŞ Rusiya ilə əməkdaşlıq edən bəzi dövlətləri, məsələn, Almaniyanı cəzalandırmaq iqtidarındadır.Yəni istənilən halda rəsmi Vaşinqtonun imkanları daha genişdir. Bayden Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsinə dair ciddi dəlillərə malik olduğunu deyir.

Əgər onlar isbatlansa, üzə çıxsa, münasibətlər daha da gərginləşəcək”.