Ərdoğan Bakıya gəlir: “Ciddi siyasi əhəmiyyəti var” – Pərdəarxası

“Regiondakı ortaq maraqları təmin etməkdən ötrü də koordinasiyalı davranış şərtdir”

Türkiyənin Kənd təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı  Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanlarda Azərbaycana gələcəyini deyib. O, həmçinin işğaldan azad olunmuş bölgələrdə aqrar sahənin inkişafı üçün Türkiyənin bütün istiqamətlərdə Azərbaycana dəstək verəcəyini, Azərbaycanın bütün istəklərini Türkiyənin yerinə yetirəcəyini qeyd edib. Əlbəttə, bu, iki qardaş arasındakı dostluğun növbəti təzahürüdür.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev “Sherg.az”a açıqlamasında səfərin əhəmiyyətini yüksək qiymətləndirdi: 

“Türkiyəni xarici siyasətində Azərbaycanın xüsusi yeri var. Prezident Ərdoğan başda olmaqla müxtəlif rəsmi şəxslər ayrı-ayrı görüşlərdə Qarabağ məsələsini həmişə qabardırlar.

Rəsmi Ankara müharibə dövründə daim bizə diplomatik dəstək verdi.

Ümumiyyətlə, Türkiyənin xarici siyasətində Azərbaycanın müstəsna yer tutmasının birinci səbəbi bizim qardaş dövlətlər olmağımızdırsa, ikincisi, regiondakı ortaq maraqlardır.

Bu ortaq maraqları təmin etməkdən ötrü də koordinasiyalı davranış şərtdir.

Əlbəttə, Ərdoğan Azərbaycana qonaq kimi gəlmir. Bura həm də onun evidir. Amma səfərin çox ciddi siyasi əhəmiyyəti var”.