Nağdsız ödənişlərin dövlətə xeyri çoxdur

Bununla qara mühasibatlığın və kölgə iqtisadiyyatının qarşısı alınır

"Dövlət ödənişlərin uçotuna rahat nəzarət edir. Vergidən yayınmalar azalır" 


Son illər görülən işlər nəticəsində ölkə üzrə nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunub, 2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi (95,7 milyard manat), eyni zamanda, ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi (6,4 milyard manat) tarixi maksimuma çatıb.

Ölkədə müasir ödəniş ekosisteminin formalaşdırılması və innovasiyaların inkişafının təşviqi ilə yanaşı, sözügedən istiqamətlər üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi də daima diqqət mərkəzində saxlanılır. 

Nağdsız ödənişlərin əhəmiyyətindən danışan iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, nağdsız ödənişlərin dövlətə xeyri çoxdur. Ekspert əlavə edib ki, bununla bağlı qanunvericilik də var:

"Qanunvericilik artıq sahibkarı məcbur edir ki, nağdsız qaydada ödənişlər etsinlər. Müsbət cəhətləri odur ki, dövlət ödənişlərin uçotuna rahat nəzarət edir. Vergidən yayınmalar azalır. Həmçinin ödəniş rahat formada həyata keçirilir. Əskinasların dövriyyəyə çox buraxılmasına ehtiyac qalmır". 

R.Qarayev əlavə edib ki, nağdsız ödənişlərlə qara mühasibatlığın və kölgə iqtisadiyyatının qarşısı alınır: "Nəticədə banklara tələbat artır. Demək olar ki, nağdsız ödəniş bütün sferanı hərəkətə gətirir. Artıq dövlət vətəndaşın büdcəsinə belə nəzarət edə bilir. Statistik uçotlarda rəqəmlər artıq şişirdilmiş və kor-təbii olmur. Nağdsız hesablaşmalar məsafələri qısaldır. Artıq mən əgər məhsul alıramsa, kart hesabımdan ödəniş etməklə, vaxtıma qənaət etmiş oluram. Mənim ödənişimdən bank xidmət haqqı tutub, öz ehtiyacları üçün xərcləyir. Vergi dəqiq bank vasitəsi ilə ödənişlərə rahat şəkildə nəzarət edə bilir. Gələcək də nağdsız hesablaşmaya doğru gedir. Bildiyiniz kimi, viruslarda pul əskinasları vastəsi ilə də insana keçir. Bu o deməkdir ki, sağlamlığımız üçün də nağdsız hesablaşma önəmlidir".

İqtisadçı diqqətə çatdırıb ki, təəssüf ki, bizim iqtisadiyyatımız nağdsız hesablaşmaya tam hazır deyil:

"İstənilən halda adi bazara getsən belə, sənə nağd pul lazımdır ki, hər hansı bir meyvə və tərəvəzi alasan. Nağd pullar dövriyyədə daim olub və olacaq da. Gələcəkdə bunun tam əvəz edilməsi üçün mexanizm hazırlansa, hesab edirəm ki, o halda dünya bundan imtina edəcək. Hələ ki nağd hesablaşma ilə əməliyyat var, olmaqda da davam edir. Baxmayaraq ki, nağdsız hesablaşmaya keçidlə bağlı bir çox işlər görülüb və ya görülməkdə davam edir. Qeyd edim ki, İsveçdə nağdsız hesablaşma edənə bir çox üstünlüklər verilir. Amma buna baxmayaraq orada hələ də nağd hesablaşma mövcuddur".