Bu dəfə əsgərlər cücə-plov yeyəcək

Səmayə nənə bütün hazırlıqlarını görüb

"Mən balalarıma 200 illik reseptlə hazırladığım səməni halvası da aparacam"


Ağdamlı Səmayə nənə yenə qollarını çırmalayıb əsgərlərimizə bayram sovqatı hazırlayır. Ötən dəfə onunla danışanda bu il Qələbə ilə qeyd etdiyimiz əziz Novruz bayramında əsgərlərimiz üçün Ağdam məscidinin tam qarşısında ocaq qalayıb səməni halvası bişirməyə niyyətləndiyini demişdi və Müdafiə Nazirliyindən xahiş edirdi ki, ona bu imkanı yaratsınlar. Məşədi İbad demiş “o olmasın, bu olsun”. Səməni halvasını Ağdam məscidinin önündə bişirmək mümkün olmasa da, Səmayə nənə Bərdədə müvəqqəti məskunlaşdığı evində səməni halvası bişirib, qohuma-qonşuya paylayıb. Əsgərlərin payına da əl vurmayıb.

Səməni halvasının 3 kiloqramını əsgərlər üçün saxlayır. Onunla əlaqə yaratdıq, bayramını təbrik etdik. Ağbirçək, el anası xeyir-duasını aldıq.  Səmayə nənə dedi ki, ilaxır çərşənbədə Azad Azərbaycan Televiziyasında qonaq olub, onu binanın önündə televiziyanın 100-ə yaxın əməkdaşı təmtəraqla qarşılayıb. İndi isə qarşıdakı bayram günlərində igid əsgərlərimizin görüşünə gedəcəyi vaxtı gözləyir: 

- Bu gün-sabah əsgərlərimizin yanına gedəcəm. Onlar üçün niyyət edib bişirdiyim səməni halvasını da aparacam. Kim o halvadan daddısa, dadına-tamına heyran oldu. Mən onu 200 illik reseptlə hazırlamışam.

Tarixdə hələ belə səməni halvası olmayıb bəlkə də. O halvanı dadlandıran həm də igid balalarımın qazandığı qələbədi. Mənim yurdum ki, azad olundu, könüllərindən nə keçsə, əsgər balalara hazırlayaram. Bu dəfə əsgərlərimizə plov bişirəcəm.

Cücə-plov. İndidən tədarükümü görmüşəm, ehtiyatımı hazırlamışam. Nə vaxt xəbər versələr ki, gedirik, hər şey hazırdı. Bircə qalır orda düyünü süzüb dəmə qoymaq.  Hamının bayramını təbrik edirəm. Allah dövlətimizi qorusun, Prezidentimizə can sağlığı versin. Allah məni sayanları saysın.