Şizofreniya xəstəsi olan atası onu 6 yaşında dağlarda qoyub qaçıb - HƏYAT HEKAYƏSİ

Türkiyənin  Konya şəhərində yaşayan Həsən Hüseyin Kahriman (46), 6 yaşındaykən şizofreniya xəstəliyindən əziyyət çəkən atası tərəfindən "cəsarətli uşaq olsun" deyə Toros dağlarına buraxılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, zamanla təbii mühitə alışmış olan Kahriman, indi qışın ən soyuq vaxtında belə yüksək zirvələrə çıxıb və bir neçə gününü orada keçirir. 9 ildir vəhşi təbiətdə yaşadığını ifadə edən Kahriman bu hərəkətinə görə atasına əsəbləşmədiyini və halından məmnun olduğunu bildirib:



 “Heyvanların yediyi otları yeyərək qidalanıram. Canavarları izləyib onları ovlamağı öyrənmişəm. Bir ilanın həyatını xilas etdiyim andan sonra ov etməyi dayandırmışam. Məni dağda qoyub getdiyinə görə atama əsəbiləşmirəm. Atam insanlar tərəfindən çox incidildiyi və məni onlardan qorumaq üçün dağa buraxıb”.



Dağda yaşamağa başladığı zaman heyvanları seyr edərək həyatda qalma taktikasını öyrəndiyini söyləyən Kahriman ovlamağı öyrəndikdən sonra kəndə qayıtmadığını qeyd edib:

“Kəndlilər məni dağdakı izimdən tanımağa başlayıb. Burada  səyahət edərkən çox şey tapmışam. “Gips mədəni” adlanan bir daşdan özümə güzgü düzəltmişəm. 9 ildir ki, dağlarda tək qalıram. Mən həmişə insanlardan uzaq olmuşam. Bu həyatımı sevirəm. Təbiətdə olanda qəm-kədəri unuduram”.

Heyvanların həyatı üçün bir çox layihə hazırlayan Həsən Hüseyin Kahriman heyvanların qidalanması üçün ağac budaqlarına meyvə asır:



“Bir gün dağda şiddətli fırtına qopdu. O zaman quşların yem tapa bilmədiklərinin və öldüyünün şahidi oldum. Sonra onları yedizdirdim. Quru ağac budaqlarına quşların qidalanması üçün alma asdım. Hələ görmədiyim quşlar gəlib o almalardan yeməyə başladı. Hazırda mən gördüyüm işi Türkiyənin bir çox bölgəsində yaşayan insanlar həyata keçirməyə başlayıb. Bu isə məni çox sevindirir. Heyvanlar və insanlar birlikdə təbiətin tarazlığını təmin edir. Heyvanlar varsa biz varıq, biz varıqsa heyvanlar var. Yaşayırıqsa, yaşatmalıyıq”.



Kahriman bəy deyir ki, atasının onu dağda tərk edərək getməsinə görə ona əsəbləşmir. Çünki onun niyə bunu etdiyini dərk edir. Atasının başqa dünyanın insanı olduğunu deyən Həsən Hüseyin Kahriman, atasının şizofreniya olduğunu bilmədiyini qeyd edib:

“İnsanlar həmişə atamı aldadırdılar. Bütün insanlardan bir zərbə aldığı üçün məni dağda tərk etdi ki, insanlardan ayrı yaşayım. Sonra atamın 86 faiz şizofren  olduğunu öyrəndik ".