“Ox”lar ABŞ-a yönəlib: "Baydenin ritorikası Putin üçün hədiyyədir" - Manipulyasiya

"Rusiyada seçkilərə qədər problemlər ABŞ-la əlaqələndiriləcək"

"Guya günahkar həmin dövlət imiş kimi fon yaradılacaq"

"Hətta Putinin şəxsinə qarşı olan münasibət dövlətə və xalqa münasibət kimi qələmə verilərək"

Məlum olduğu kimi, ABŞ prezidenti Co Baydenin Rusiya dövlət başçısına qarşı məlum bəyanatından sonra tərəflər arasındakı münasibətlər gərginləşməkdədir. Hər iki supergüc öz ambisiyasından əl çəkmir və geri addım atmır. Onlar təkqütblü dünya yaratmaq iddiasındadırlar. Bu isə kimsə üçün yaxşı nəsə vəd etmir. Əslində qlobal təhlükəsizlik, sabitlik müzakirə mövzudur. Yaxşı deyiblər ki, "iki qoçun başı bir qazanda qaynamaz..."

Rusiyada yaşayan soydaşımız, jurnalist, politoloq Anar Həsənovun fikrincə, Kreml mövcud vəziyyətdən öz lehinə istifadə etməyə çalışacaq. Ekspert bu barədə “Sherg.az”a danışdı:

“Hakimiyyətlər həmişə böhrandan yararlanmaq istəyirlər. Sözügedən prinsip rəsmi Moskva üçün də istisna deyil. Bilirsiniz ki, sentyabr ayında Rusiyada dövlət dumasına seçkilər keçiriləcək. Belə bir vaxtda xalqı birləşdirmək üçün daxildəki bütün iqtisadi problemlərin günahkarı kimi ABŞ göstəriləcək. Ona görə də Baydenin ritorikası rus hakimiyyəti üçün hədiyyədir. Və mən Kremlin bunu faciə kimi qəbul etməsini qeyri-səmimilik hesab edirəm. Rusiya üçün həmişə problemlərin günahkarı olub. Və həmin subyekt daxildə yox, xaricdə axtarılıb. İndi isə “ox”lar rəsmi Vaşinqtona yönəlib. Təkrarlayıram, sentyabradək bütün problemlər ABŞ-la əlaqələndiriləcək. Guya günahkar həmin dövlət imiş kimi fon yaradılacaq. Rusiyanın hakimiyyətyönümlü ekspertləri də bunun fürsət olduğunu deyirlər. Hakimiyyət ABŞ amilindən maksimal dərəcədə istifadə edəcək. Hətta Putinin şəxsinə qarşı olan münasibət dövlətə və xalqa münasibət kimi qələmə verilərək, təbliğatın konteksti genişlənəcək. Nəzərə almalıyıq ki, Rusiyada KİV-in 90 faizi subyekt yox, alətdir. Deməli, onlar məsələnin hakimiyyətin istədiyi kimi ictimailəşdirilməsində mühüm rol oynayacaqlar. Beləliklə, əlsində Putin hakimiyyətinin möhkəmlənməsi üçün zəmin yaranacaq”.

A.Həsənov tərəflər arasındakı münasibətlərin bundan sonra daha da ziddiyyətləşəcəyini istisna etmir:

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Putinə müəyyən komplimentlər edirdi. Bayden isə daha sərt mövqe sərgiləyir. Buna baxmayaraq, 2014-cü ildən etibarən ABŞ-ın Rusiyaya qarşı sanksiyaları artıb. Hətta keçmiş administrasiyanın dövründə tərəflər arasında bir dəfə də olsun sammit keçirilməyib. Qeyd edim ki, son hadisələr Rusiyadakı müxalifətə ciddi zərbə oldu. Bundan sonra xalq Baydeni dəstəkləyənləri ciddi formada qınayacaq. Belə ssenarinin formalaşmasında isə medianın müstəsna əhəmiyyəti olacaq”.