Hindistan S-400 alır? – ŞƏRH: ABŞ-ın “zəncir”indən bir həlqə də açılır 

ABŞ müdafiə naziri Lloyd Ostininin martın 20-də Hindistana rəsmi səfəri dünya mətbuatının diqqət mərkəzində oldu. Məsələ burasındadır ki, Türkiyə kimi Hindistan da Rusiyadan S-400 raket sistemlərini almağı planlaşdırır. Bu isə Vaşinqtonun maraqlarına uyğun deyil. Qərb mətbuatının yazdığına görə Pentaqonun başçısı bu məsələni hindistanlı həmkarı Racnatx Sinqxlə müzakirə edib. 


Buna baxmayaraq, Amerikanın müdafiə naziri səfərin yekunlarıyla bağlı keçirilən mətbuat konfransında Dehlidə S-400 raketləri mövzusunun müzakirə edilmədiyini deyib: “Hindistan hələ S-400 raketlərini almayıb. Buna görə raket mövzusu müzakirə edilməyib”. 

Vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Dehli Moskva ilə 2015-ci ildə imzaladığı anlaşmaya görə Rusiyadan S-400 raketlərini almağı planlaşdırıb:

“Anlaşmanın dəyəri 5.43 milyard dollardır. Ancaq o da doğrudur ki, Hindistan Türkiyədən fərqli olaraq hələ raketləri almayıb və Vaşinqton ümid edir ki, Dehli bu plandan imtina edəcək. ABŞ Hindistana “Predator” pilotsuz aparatları və patrul gəmiləri satacağını vəd edib. 

Vaşinqton Dehli ilə əməkdaşlığa böyük əhəmiyyət verir. ABŞ müdafiə naziri Lloyd Ostin hindistanlı həmkarıyla yanaşı Hindistanın baş naziri Narendra Modi, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Adjit Doval və xarici işlər naziri Subrahmanyam Caişankarla görüşüb. Vaşinqton Dehliyə Hindistanın yüksək texnologiyalara yiyələnməsinə imkan yaradacağını vəd edib. Vaşinqton ayrıca, Hindistanı Sakit okean bölgəsində rolunun artmasını istəyir. Dehlidə bu mövzuda müzakirələrin getdiyini yerli “Hindustan Times” qəzeti də yazıb”. 

Politoloqun qənaətincə, Vaşinqton Hindistana dəstək verməklə Çini bölgədə durdurmaq istəyir:

“Çünki Çin getdikcə bölgə ölkələrinə öz şərtlərini diqtə etməyə çalışır və bu yalnız ABŞ-ı deyil, bölgənin digər dövlətlərini də narahat edir. ABŞ Hindistan-Çin sərhəddində mütəmadi baş verən insidentlərdə Dehlini dəstəkləyir. Digər tərəfdən Vaşinqton bölgədə Çini durdurmaq üçün Hinidstan-Yaponiya-Avstraliya blokunu gücləndirməyə çalışır.

Amerika bu halqanın dördüncü dövlətidir. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hindistanda rəsmilərlə görüşərkən dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cveyk Sallivan Amerikanın Alyaska ştatında Çinin xarici işlər naziri  Van İ və Komminsit Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri Yan Tseçi müzakirələr aparırdılar. Ancaq görüş qalmaqalla yadd qaldı. Tərəflər bir-birlərini ittiham etməklə məşğul oldular, yəni dialoq alınmadı.

Bu o deməkdir ki, ABŞ-Çin gərginliyi bundan sonra da davam edəcək. Ona görə də Çini durdurmaq üçün Vaşinqtonun Hindistanla tərəfdaşlığa daha çox ehtiyacı olacaq”.