Ölkəmizin köhnə maşın dərdi: Həm insan, həm də ekologiya üçün təhlükədir – Sistemsizlik !

“Son zamanlar ölkə ərazisində və Bakı şəhərində ölümlə nəticələnən, insanların sağlamlığına ciddi ziyan vuran avtomobil qəzalarının sayı kəskin artıb. Hər gün xəbər saytlarında bir neçə belə məlumat olur. Məlumatlardan aydın görünür ki, ölümlə, ciddi xəsarətlə nəticələnən qəzalarda əksər avtomobillər ya sovet-rus, ya da 15-20 il və daha "yaşlı" maşınlardır”. 

Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli özünün Facebook hesabında yazıb. O, “Sherg.az”a açıqlamasında sözügedən halın səbəblərini izah etdi:

 “Birincisi, karantin tədbirləri çərçivəsində ictimai nəqliyyat siyasəti düşüncəsiz və sistemsizdir. İctimai nəqliyyata şəhərdaxili qadağalar taksi xidmətinə tələbatı artırıb. İşsizlik probleminin kəskin olduğu dövrdə bir çox insan çarəsizlikdən borc-xərcə düşərək köhnə, daha təhlükəli maşın alıb çörək pulu qazanmaq istəyir. Beləliklə, qəza ehtimalı artır. Şəhərlərarası nəqliyyatın işləməməsi isə magistral yollarda taksi trafikinə təsir edib deyə, qəzalar da çoxalıb. Məsələn, Gəncəyə 50 nəfər 1 avtobusda gedirdisə, indi o 50 nəfər 10-12 maşınla getməli olur”.

N.Cəfərli məsələyə təsir göstərən digər məqamları da sadaladı:  

“Hökumətin, Dövlət Gömrük Komitəsinin mənasız və soyğunçu siyasəti nəticəsində ölkənin avtoparkı durmadan köhnəlir. Və camaat daha ucuz olan köhnə maşınlara yönəlir. Hibrid və elektrikli maşınlara rüsum-vergilərin ləğv edilməməsi, yeni maşınlara daha az rüsum-vergi tətbiqinin qəbul edilməməsi insanlarımızın sağlamlığına ikiqat zərbə vurur - qəzalarda köhnə maşınlar vətəndaşı qorumur, ekologiyamız isə  korlanır”